f4a86f98-5356-46ab-a127-bedae8c11426..jpg

Bu il ölkəmizdəki mədəniyyət ocaqlarında hansı tədbirlər planlaşdırlır? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 2. 292 dəfə baxılıb.

Bu il ölkəmizdəki mədəniyyət ocaqlarında hansı tədbirlər planlaşdırlır? –
ARAŞDIRMA + FOTO

Yeni il elə bir bayramdır ki, uşaqlı-böyüklü hamı ondan möcüzələr gözləyir.
Şaxta babanın, Qar qızın varlığına inananlar da, inanmayanlar da Yeni il
bayramından gözəl hədiyyələr diləyir. Sanki böyük və kiçik əqrəbin 12 tamamın
üstündə qovuşub yeni saata, yeni ilə adlaması həyatımızda böyük bir yeniliyə,
yeni bir mərhələyə keçiddir. Bu sehrli bayramda uşaqlar, əlbəttə ki, daha çox
sevinir. Onları həm gözəl hədiyyələr gözləyir, həm də qış tətili. Qış
tətillərini rəngarəng keçirmək üçün valideynlər onları müxtəlif mədəniyyət
ocaqlarına aparırlar.

Bəs bu il ölkəmizdəki mədəniyyət ocaqlarında hansı tədbirlər planlaşdırlır?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Akademik Milli Dram Teatrında “Məlikməmməd”li Yeni il

Qocaman teatr ocaqlarımızdan olan Azərbaycan Akademik Milli Dram Teatrı yeni
il ərəfəsində illər boyu uşaqları müxtəlif şənliklər, tamaşalarla sevindirib.
Teatr bu il də ənənəsinə sadiq qalıb. Teatrın mətbuat katibi Cavid Zeynallı
bildirib ki, dekabrın 24-dən etibarən burada “Yeni il şənlikləri” və
“Məlikməmməd” adlı bayram tamaşası səhnədən uşaqları sevindirir:

“Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov və rejissoru
Mehman Fətullayevdir. Qeyd edək ki, tamaşa və yeni il şənlikləri yanvarın 5-dək
davam edəcək”.

Kuklalarla “Qar kraliçasının Yeni il sərgüzəştləri”

Azərbaycan Dövlət Kukla Teatrı da bayrama daha böyük şövqlə hazırlaşıb.
Mətbuat katibi Həmidə Nazimqızının verdiyi məlumata görə, teatr hər il sırf
balacaları sevindirmək, onlarda unudulmaz bayram ovqatı yaratmaq üçün fərqli
mövzularda səhnə nümunələri hazırlayır:

“Teatrımız bu il məşhur nağılçı, əsərləri sayəsində uşaqları sirli nağıllar
aləminə aparan H.X.Andersenin uzun illərdir öz marağını itirməyən “Qar
kraliçası” nağılı əsasında “Qar kraliçasının Yeni il sərgüzəştləri” adlı
nağıl-tamaşasını hazırlayıb. Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru
Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Nümayişlər dekabrın 26-dan
başlayıb və yanvarın 8-dək davam edəcək”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 28-dən artıq yeni il
tamaşalarına başlayıb. Teatrın mətbuat katibi Hüsniyyə Quliyevanın sözlərinə
görə, tamaşalar yanvarın 4-nə kimi davam edəcək:

“Bayram günlərində “Qoğalın sərgüzəştləri”, “Çirkin ördək balası”, “Qızıl
balıq”, “Çippolino”, “Bremen musiqiçiləri”, “Qulliver cırtdanlar ölkəsində”
tamaşaları nümayiş olunacaq”.

Musiqili Teatrda şənlik var

Bayram günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da maraqlı
proqram olacaq. Teatrın mətbuat katibi Fəridə Aslanova bildirdi ki, 27 dekabr
2022-ci il tarixindən teatrın səhnəsində Yeni il şənliyi başlayıb. Şənlik
yanvarın 4-dək davam edəcək:

“Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların
sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və
sonda hədiyyələrlə sevindirəcəklər”.

Rus Dram Teatrında “İstintaqı Şaxta Baba aparır”

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı da uşaqların görüşünə yeni il
sovqatı ilə gəlir. Teatrın mətbuat katibi İlham Məmmədovun sözlərinə görə,
yanvarın 8-nə kimi səhnələrində “Saniyə əqrəbi və ya istintaqı Şaxta Baba
aparır” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Emin
Mirabdullayev, rəssamı Səmra Axundovadır.

Bakı Uşaq və Gənclər Teatrı da bayrama özəl olaraq hazırlaşıb. Mətbuat katibi
Leyla Həşimovadan aldığımız məlumata görə, teatrda C.Kotenin nağılı əsasında
Arzu Soltanın “Kinqin qəsri” adlı yeni il tamaşası hazırlanıb. Artıq tamaşanın
nümayişinə başlanılıb. Tamaşanın rejissorları respublikanın Əməkdar artisti
İntiqam Soltan və İlhamə Əhmədovadır.

Lənkəranda “Qar qızın axtarışı”

Bayram nümayişləri təkcə paytaxt Bakıda yox, həm də bölgələrimizdəki sənət
ocaqlarında da baş tutur. Lənkəran Dövlət Dram Teatrının səhnəsi də bayram
günlərində boş olmayacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Ağəddin Babayev
deyir ki, sənət ocağının truppası kiçik tamaşaçılarını Yeni il ərəfəsində daha
bir yeni səhnə əsəri ilə sevindirib:

“Teatrın aktyorları bu dəfə uşaqların görüşünə İntiqam Hacılının müəllifi və
quruluşçu rejissoru olduğu “Qar qızın axtarışı” nağıl-pyesinin tamaşası ilə
gəliblər. Dekabrın 23-dən nümayişinə başlanan tamaşa yanvarın 5-dək nümayiş
etdiriləcək”.

“Əsl Şaxta Baba”sı olan Şəki

Şəki Dövlət Dram Teatrı da bayrama yaxşı hazırlaşıb. Teatrın ədəbi dram
hissəsinin rəhbəri Lalə Məmmədova bildirdi ki, yaradıcı kollektiv Yeni il
bayramı ərəfəsində və tətil günlərində uşaqların daha maraqlı bayram günləri
keçirməsi üçün “Əsl Şaxta Baba” adlı şou nağıl-tamaşa hazırlayıb:

“Nağıl-tamaşa yanvarın 5-nə kimi tamaşaçıların ixtiyarına veriləcək. Natalya
Abramtsevanın müəllifi olduğu tamaşada uşaqlar həm əylənəcək, həm də
öyrənəcəklər”.

“Şaxta Babanın Mingəçevir sərgüzəştləri”

Mingəçevir Dövlət Dram Teatrının da balacalara bayram sovqatı var. Teatrın
mətbuat katibi Elnarə Ələsgərlinin verdiyi məlumata görə, Yeni il münasibətilə
uşaqlar üçün hazırlanmış “Şaxta Babanın Mingəçevir sərgüzəştləri” adlı
şou-proqram tamaşasının nümayişinə artıq başlanılıb:

“Günel Məcidovanın pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu
rejissoru Vüsal Akif Mehrəliyev, rejissoru İbrahim Salamov, quruluşçu rəssamı
Vəfa Həmzəyeva, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Tamaşa yanvarın 3-dək
davam edəcək”.

Source link