e7f796cf-bda2-4ea0-9c93-693fcc683150..jpg

Bu ilin bayram süfrəsi: Xərclər nə qədər artacaq? – RƏY + FOTO

Baxış sayı: 864 dəfə baxılıb.

Bu ilin bayram süfrəsi: Xərclər nə qədər artacaq? – RƏY + FOTO

Novruz bayramına az bir müddət qalıb. Hazırda alış-verişin ən qızğın vaxtıdır.
Hər il bayram ərəfəsində çəkilən xərclər ötən illə müqayisə olunur. Ötən ilə
nəzər yetirsək, qlobal inflyasiyanın olduğunu görərik. İnflyasiya Azərbaycandan
da yan keçməyib. Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsulları üzərində
qiymətlərdə artım müşahidə olunur. Bu da öz növbəsində bazarlarda alıcılıq
qabiliyyətinə təsir göstərəcək. Bununla yanaşı inflyasiya bayram süfrəsinə
çəkilən xərcləri də artıra bilər.

Bəs görəsən, 2023-ci ilin bayram süfrəsi orta statistik azərbaycanlı üçün
neçəyə başa gəlir?

Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənovun
sözlərinə görə, ötən illə müqayisədə 35 faiz artım müşahidə olunacaq:

“Bu günə qədər orta meyara rast gəlməmişəm. Ötən illə müqayisədə artacağını
deyə bilərəm. Aydın məsələdir ki, bayram ərəfəsində istehlak olunan məhsullar
qida təyinatlı olur. Bu məhsulların qiymətləri ötən illə müqayisədə rəsmi
rəqəmlərə görə, 17,5 faiz artıb. Qeyri-rəsmi qiymətləndirməyə əsasən, 35 faiz
artım olduğu müəyyən edilib”.

R.Həsənov qeyd edib ki, bu alıcılıq qabiliyyətinə təsir göstərəcək:

“Bir çox məhsullar idxal olunduğu üçün əvvəlki dövrlərə nisbətən 15-20 faiz
bahalaşma var. Vətəndaşlar istehlak zamanı bunu müşahidə edəcəklər. Bahalaşma
alıcılıq qabiliyyətini zəiflədəcək. Bu il bayram süfrələri daha zəif və yoxsul
görünəcək”.

İqtisadçı Emin Qəribli qeyd edib ki, ötən illə müqayisədə qiymətlərdə 20 faiz
fərq olacaq:

“Artıq etiraf etmək lazımdır ki, inflyasiya mövcuddur. İnflyasiyanın
strukturuna baxdıqda qida məhsullarının üzərində artım daha yüksəkdir. Orta
hesabla 10-20 faiz artım müşahidə olunur. Bu kifayət qədər böyük rəqəmdir.

Əhalinin alıcılıq qabiliyyəti də aşağı düşəcək. Saatda qiymətlər artır.
Dəyişiklikləri hiss edirik. Bu proses dünyada olduğu kimi bizdə də var.
Xoşagələn hal deyil”.

Nəzrin Vahid

Source link