Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2024-cü ilin yanvar-mart aylarında 26 mikro və kiçik sahibkar “Startap”
şəhadətnaməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət
edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq
edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası
tərəfindən 16 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi
barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarlıq subyektlərin 11-i
hüquqi, beşi fiziki şəxsdir. Onlardan 15-i mikro, biri isə kiçik sahibkarlıq
subyektidir.
“Startap” şəhadətnaməsi almış layihələr təhsil, ictimai-iaşə, İKT, sənaye kimi
sahələrdə innovativ həlləri nəzərdə tutan onlayn platformaların, mobil
tətbiqlərin yaradılması, müxtəlif cihaz və qurğuların istehsalını nəzərdə tutur.
Ümumilikdə indiyədək 139 mikro və kiçik sahibkarlıq subyektinə “Startap”
şəhadətnaməsi verilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən
etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və
gəlir vergisindən üç il müddətinə azad edir.
KOB subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət etməlidir.
Ətraflı məlumat üçün:https://smb.gov.az/az/nav/startap-sehadetnamesi