Nazirlər Kabineti əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında müvafiq normativ aktlarında dəyişikliklər edib.
Bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənəddə təsbit olunub ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına əsasən, aidiyyəti orqanlarla razılaşdırmaqla Nazirlər Kabinetinin müvafiq Qərarında 1 nömrəli əlavə – “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilib.
Ləğv edilən Qeyddə bu müddəalar öz əksini tapmışdı:
“Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əməkhaqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır”.