6115f528-3a2d-426f-8dc2-e97547d68d0b.jpg

“Bu şəhərdə”yə XƏBƏRDARLIQ EDİLDİ

Baxış sayı: 177 dəfə baxılıb.

Ötən gün Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial
hesablarında “Bu şəhərdə” komandasının oktyabr və noyabr aylarında keçiriləcək
növbəti konsert proqramlarının kommersiya xarakterli reklamlarında müəlliflərin
hüquqlarını kobudcasına pozduğunu özündə ehtiva edən məqamlar paylaşılıb.

Məsələ ilə bağlı Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn
Mehdiyev APA-ya verdiyi açıqlamada bildirib ki, “Bu şəhərdə” komandasının
rəhbəri Müşfiq Abbasova şifahi və rəsmi xəbərdarlıq edilsə də, heç bir
dəyişiklik edilməyib.

“Bilirsiniz ki, Kinorejissorlar Gildiyasının ən vacib istiqamətlərindən biri
audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının
qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bir müddət əvvəl bizə
məlumat daxil oldu ki, “Bu şəhərdə”nin konsertqabağı hazırladığı reklam
çarxlarında Azərbaycan filmlərinin fraqmentləri təhrif olunaraq istifadə
olunub. Kinostudiyanın direktoru Azər Quliyev “Bu şəhərdə” komandasının rəhbəri
Müşfiq Abbasova zəng vurdu və onu məlumatlandırdı ki, bu, düzgün addım deyil,
qanun pozuntusudur. Azər müəllim ondan bu reklamların aradan qaldırılmasını
xahiş etdi. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının məsələyə
birinci reaksiyası belə oldu. Bu isə, təxminən, on-on beş gün əvvəlin
söhbətidir. Onlar məsələnin həlli barədə söz versələr də, buna əməl olunmadı.
Oktyabrın 22-də rəsmi olaraq “Bu şəhərdə” komandasına xəbərdarlıq xarakterli
məktub yolladıq. Məktubda qeyd etdik ki, qanun müvafiq maddələrin pozulmasına
yol vermir. Eyni zamanda, məktubda reklam çarxlarının sosial şəbəkələrdən
silinməsini yenidən xahiş etdik. Rəsmi məktubdan sonra da heç bir reaksiya
olmadı. Bir müddət də gözləyəndən sonra “Bu şəhərdə” komandasının qanunlara
saymazlığını görüb bu xoşagəlməz halı ictimaiyyətə təqdim etdik”, –
kinorejissor Hüseyn Mehdiyev deyib.

Mövzu ilə bağlı Müşfiq Abbasovla əlaqə saxlasaq da o, sualımızı
cavablandırmaqdan yayınıb. O, bunu bir saatdan sonra səhnəyə çıxacağı ilə
əlaqələndirib: “Sizə cavab verəcək vəziyyətdə deyiləm. Sonra danışarıq”.

Source link