37ce5e22-58a6-45e9-91b7-2d581f2fef06..jpg

Bu siçan-pişik oyunu nəyə lazım?

Baxış sayı: 2. 442 dəfə baxılıb.

Bu siçan-pişik oyunu nəyə lazım?

Kubra Məhərrəmova yazır…

Son günlərin ən həyəcanlı xəbərləri çox təəssüf ki, Qazaxıstandan gəlir.

Hər gün bu iğtişaşlar nəticəsində ölən və yaralananların sayı artır. Yəqin ki,
həyatda ən dəhşətli hadisə qardaşın əlindən ölməkdir. Çox təəssüf ki,
Qazaxıstanda qardaş qanı tökülür.

Baş verənlər fonunda həmişə olduğu kimi kimlərsə xeyir tapacaq, ölüm və qan
üzərindən xal yığacaq. Sahibinin yanında xal yığmağa çalışanlar isə neçə gündür
sıraya düzülüb. Və bu xal yığanlar bunu o qədər həyasızcasına edirlər ki, ən
riyakar adamda ürəkbulanma yaradır.

Siyahıda birinci Kremlin ruporu, “gözəllər gözəli” Marqarita Simonyandır.
Tokayev kömək istəyən kimi “Rossiya Seqodnya” İnformasiya Agentliyinin rəhbəri,
“Sputnik” agentliyinin baş direktoru Marqarita Simonyan şərtlər siyahısını dərc
etdi. Krımı tanımaq. Kiril əlifbasına geri dönmək. Rus dili ikinci dövlət dili
olsun. Rus məktəblərinə toxunulmasın. Anti-Rusiya mövqeli QHT-lər məhv olunsun.
Millətçilərdən uzaq Rusiya ilə qardaşlıq siyasəti yürüdülsün. Sonda da yazıb
ki, əks halda “Ибо неча”, yəni kömək gözləməyin.

Məndən olsaydı sonunda orta əsrlərdə olduğu kimi illik xəracın da məbləğini
yazardım. Ya da aylıq. Şərtlərə baxanda aydın olur ki, Marqaritanın yazdığı
post çoxdan hazır imiş və komanda gələn kimi dərc edib. Sadəcə influenser kimi
yaxşı seçim deyil. Kremlin texnoloqları daha cəlbedici, daha gözəl qadın
seçsələr yaxşı olar. Çünki Marqaritanın ələyi göydə gəzir. Yeni, maraqlı
obrazlara ehtiyac var.

Elə bu gecə bütün provaslavlar İsa Məsihin doğum gününü qeyd ediblər.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill gecə liturgiyası zamanı
Qazaxıstan torpağında sülh hökmranlığı üçün dualar oxuyub. Və bildirib ki,
Qazaxıstan tarixən Rusiyanın ərazisidir. Buna görə də biz bu hadisələrə laqeyd
qala bilmərik. Sən demə Kirill var gücü ilə dua edib. Bəllidir ki, var gücü ilə
ona tapşıırılan siyasi şərhi öz dini kürsüsündən eşitdirib.

Yadıma bizim din xadimlərinin ictimai-siyasi şərhləri düşdü. Aşağı-yuxarı
hamısı eyni şeydir. Geyiməri təkcə fərqlidir. II Qarabağ Müharibəsi dövründə
ağzından köpük çıxana qədər erməniləri müdafiə edən Dumanın deputatı Zatulin
isə məsələyə başqa tərəfdən yanaşıb. O bildirib ki, Qazaxıstanda rus əsilli
vətəndaşlara və rusdilli vətəndaşlara qarşı pantürklər tərəfindən təzyiqlər
göstərilir. Və Rusiya öz “övladlarını” qorumalıdır. Bəs bütün bu iğtişaşları da
türklüyü dəstəkləyən gənclərdir. Pişiyin quyruğu o qədər aşkar görünür ki?

Zatulin baş verən hadisələrə şərh verərkən daha da irəli gedərək bildirib ki,
iştirakçıların çoxu Soros məktəbini keçənlərdir. Bu iğtişaşların səbəbi elə
Nazarbayevin yürütdüyü siyasətdir. Nazarbayevin Rusiyanın qucağından qaçıb
Qərbə getməsi, Qərb investorlarının ölkəyə cəlb edilməsi, yeni, gənc nəslin əsl
Qazax, türk kimi tərbiyə etməsidir ki, bu gün Qazaxıstanda qardaş qanı
axıdılır. Milli-radikal gənclər!

Kremlin “təlxəyi” Jirinovski isə bütün mümkün versiyaların üstündən xətt
çəkib. Dumanın deputatı Vladimir Jirinovski “Exo Moskva”ya bildirib ki,
“Nazarbayevə heç nə olmayacaq, çünki Moskva onun tam təhlükəsizliyinə zəmanət
verir. O, Qorbaçov və Yeltsinin təqaüdə çıxdıqdan sonra aldığını alacaq”.

O, həmçinin qeyd edib ki, Qazaxıstanın yeni prezidenti Tokayev Rusiyanın dostu
olacaq. Açığı son günlər Nazarbayevin səsi-sorağı heç gəlmir. Haradadır, o da
bilinmir? Bəlkə onun yerini elə Jirinovski bilir? Çünki bu qoca təlxəyin
bilmədiyi işə qurd düşür. Özünü gicliyə vuraraq əsl məqsədi ortaya qoyur. Hamı
onun dediklərini ciddi almadığı məqamda Kreml öz siyasətini yeridir.

Kremlin “bloqerləri” bu gün ən müxtəlif vəzifələrdə çalışsalar da özlərini tez
ələ verirlər. Ya da qəsdən belə edirlər ki, “dayı”ları bəlli olsun. Sadəcə bu
siçan-pişik oyunu nəyə lazım, onu bir deyən olsaydı. Aşağı-yuxarı hamının
siçanı da, piyi də bilinir.

Source link