Vergilər Nazirliyi 2018-ci ili aprel ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər haqqında vergi ödəyicilərinə müraciət edib.
ÇıxışYolu.Com nazirliyə istinadən xəbər verir ki, müraciətdə 2017-ci ilin yekunlarına görə hüquqi şəxslər tərəfindən mənfəət və əmlak vergisinin bəyannaməsi, fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi cari ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməsi qeyd edilib.
Bildirilir ki, gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən 2018-ci ilin I rübü üzrə hesablanmış cari ödəmələr aprel ayının 16-dan gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bəyannaməsi cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
2018-ci ilin I rübünə görə vergi ödəyiciləri tədiyyəçisi olduqları sadələşdirilmiş verginin bəyannaməsini ödəmə mənbəyində tutulan vergi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Cari ilin I rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və mart ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə keçirilməlidir.
Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Dövlət rüsumu haqqında hesabat cari ilin aprel ayının 20-dək vergi orqanına təqdim edilməlidir.