3ab45176-1737-42bf-ac55-20f59d8b77f1..jpg

Bulanıq suda balıq tutmaq istəyən amerikalı siyasətçilər – sülh gündəliyinə mane cəhdləri – ŞƏRH

Baxış sayı: 800 dəfə baxılıb.

Bulanıq suda balıq tutmaq istəyən amerikalı siyasətçilər – sülh gündəliyinə
mane cəhdləri – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq Cənubi Qafqaz sülh dövrünə qədəm qoymaq üzrədir. Azərbaycan və
Ermənistan sülhün əldə olunması, regionda əməkdaşlıq mühitinin təmin olunması
üçün bütün səylərini ortaya qoyurlar.

Ermənistanın dəyişən ritorikası da onu deməyə əsas verir ki, Bakının atdığı
addımlar nəticə verir. Belə ki, bir vaxtlar “Qarabağ Ermənistandır, nöqtə”
deyən Ermənistan baş naziri Nikol Paşinyan artıq Azərbaycanın ərazi bütövlüyünü
tanıdığını dəfələrlə elan edib. Bu, Azərbaycanın hərbi-diplomatik addımlarının
nəticəsidir.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və
Ermənistan Respublikası baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra
razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni
hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.
Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına
Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini
geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə
Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini
dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi
Mariya Peyçinoviç Buriçi qəbul edərkən Azərbaycanla Ermənistanın birgə
bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb.

Amma təəssüf ki, İkinci Qarabağ müharibəsindən 3 il keçməsinə baxmayaraq, hələ
də sülh əldə olunmayıb. Bunun bir neçə səbəbi var. Əsas məqamlardan biri də
ABŞ-dəki erməni lobbisi və diasporunun fəaliyyəti ilə bağlıdır. Belə ki,
ABŞ-dəki erməni lobbisi bir çox hallarda ölkədəki konqresmen və senatorların
qərarlarına təsir etməyə nail olur. Nəticədə Konqresdəki bir çox siyasətçilər
zaman-zaman qərəzli bəyanatlar səsləndirirlər. Bir neçə gün əvvəl, dekabrın
6-da senator Ben Kardin ABŞ-nin Dövlət katibi Antoni Blinkenə məktub göndərərək
Qarabağda həyata keçirilən 19-20 sentyabr tarixli antiterror tədbirlərinə görə
Azərbaycana qarşı sərt tədbirlər görməyə çağırıb. Bundan başqa məktubda anklav
kəndlər məsələsi də təhrif edilmiş formada təqdim edilib.

Maraqlıdır ki, rəsmi İrəvan həmin anklavları Azərbaycanın ərazi bütövlüyünün
tərkibində olduğunu bildirib. Konqresmen və senatorlar bunu bilməmiş deyillər.
Bildikləri halda belə açıqlama vermək isə heç bir halda hansısa xoş niyyətin
təzahürü kimi qiymətləndirilə bilməz.

Görünən odur ki, Konqresdə təmsil olunan bir çox amerikalı siyasətçi “papadan
daha çox katolik olmaq istəyir”. Məsələ ondan ibarətdir ki, Ermənistan sülh
müqaviləsinə hazır olduğunu dəfələrlə bəyan edib. Həmçinin rəsmi Vaşinqton da
sülh quruculuğu prosesinə töhfə verməyə hazır olduğunu müxtəlif səviyyələrdə
bildirib. Elə isə bu siyasətçilərə nə düşür? Məqsəd aydındır: qarşılıqlı etimad
mühitinin yaranmasına zərbə vurmaq, regionda “suları yenidən bulandırmaq”.

Sözsüz ki, bu cəhdlər əbəsdir. Senator və konqresmenlər nəyəsə nail ola
bilməzlər. Ayrı-ayrı hadisələr, o cümlədən sülh istiqamətində atılan addımlar
onu deməyə əsas verir ki, prosesin nəinki rəsmi Bakının, ümumilikdə Cənubi
Qafqazın maraqlarına uyğun inkişaf edir. Azərbaycan və Ermənistan arasında
birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma da bunu göstərir.

Bəzi ABŞ siyasətçiləri hər nə qədər “bulanıq suda balıq tutmağa” çalışsalar
da, bu, əbəsdir. Onların prosesə təsir imkanı da çox deyil.

Dediyimiz kimi, nə rəsmi İrəvan, nə də vasitəçilik iddiasında olan rəsmi
Vaşinqton belə radikal bəyanatlarla çıxış etmir. Rəsmi Bakının tərəf müqabili
isə hansısa siyasətçi yox, dövlətlər özləridir.

Düşünmək olar ki, Bakı ilə İrəvan arasında normallaşma prosesi bundan sonra da
davam edəcək. Bu, Azərbaycanın iradəsi sayəsində mümkün olacaq. Hətta ilin
sonuna qədər sülh müqaviləsinin imzalanması da mümkündür.

Qərbi Azərbaycan İcması da dekabrın 8-də ABŞ konqresmen və senatorlarının
məktubuna cavab verib.

Qeyd olunub ki, Azərbaycanı “Qarabağa təcavüz etməkdə” ittiham edən birgə
məktubun ən absurd tərəfi ondan ibarətdir ki, konqresmenlər və senatorlar işğal
altında qalan 8 Azərbaycan kəndini “erməni kəndi” kimi qələmə veriblər.

“Ermənistanın özünün rəsmi səviyyədə 8 kəndin Azərbaycana məxsus olması barədə
mövqeyindən sonra konqresmenlər və senatorların belə açıqlaması istehza
doğurur. Amerikan konqresmenləri və senatorlarının zavallı durumuna acıyırıq.
Bunu konqresmenlərin və senatorların savadsızlığının, yalançı “Amerikan
müstəsnalığı”na əsaslanan təkəbbürünün, azərbaycanofobiya və islamofobiya
mərəzinə tutulmasının bariz nümunəsi kimi dəyərləndiririk. Dünən Azərbaycan və
Ermənistan arasında birbaşa təmaslar vasitəsilə əldə edilmiş razılaşma onu
göstərir ki, Cənubi Qafqazın amerikan konqresmenləri və senatorlarının savadsız
məktublarına heç bir ehtiyacı yoxdur və onlar bölgəyə lüzumsuz geosiyasi
rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər”.

“Report” İnformasiya Agentliyi

Source link