“Bulaq” verilişinin əvəzsiz aparıcısı: Xalq artisti Məhluqə Sadıqovanın anadan
olmasından 107 il ötür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Xalq artisti, aktrisa Məhluqə Sadıqovanın anadan olmasından 107 il ötür.
Cixisyolu.com xəbər verir ki, “Bulaq” verilişinin aparıcısı olmuş aktrisa teatrda da
yaddaqalan obrazlar canlandırıb.
Bunlara Pəri, Yaxşı, Gülüş, Turac, Sona və digərlərini misal göstərmək olar.
Məhluqə Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində anadan olub.
Yaradıcılıq fəaliyyətinə 1936-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında başlayan aktrisa ömrünün 60 ildən artıq bir dövrünü bu sənət ocağı
ilə bağlayıb.
Məhluqə Sadıqova “Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş”,
“1905-ci ildə”, “Göy quş”, “Skapenin kələkləri”, “Pəri cadu”, “Vaqif”, “Fərhad
və Şirin”, “Xanlar”, “Günahsız müqəssirlər”, “Şeyx Sənan”, “Qış nağılı”, “Vanya
dayı”, “Şeytanın şagirdi”, “Nazirin xanımı”, “Lənkəran xanının vəziri”, “Qadın
faciəsi”, “Yalan”, “Atayevlər ailəsi”, “Şöhrət və ya unudulan adam” və digər
səhnə əsərlərində obrazlar yaradıb.
O, 40 ildən çox Azərbaycan radiosunda “Bulaq” verilişinin əvəzsiz aparıcısı
olub, özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində
tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi
ilə yaddaşlarda silinməz iz qoyub.
O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına
layiq görülüb.
Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.