“Bulgari” ilanı Qız qalasına sarıldı: Bakıda “Serpenti” kolleksiyasının 75
illiyi qeyd olundu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı həmişə tarixi incəsənət nümunələrini qovuşduran şəhər olub. Opera ilə
muğam, caz ilə milli musiqi alətləri, xalçaçılıqla müasir incəsənət və daha
nələr-nələr burada qovuşub. Bu günlərdə isə Aralıq dənizi sahillərindən gələn
qədim və ecazkar simvol – “Serpenti” ilanı – Qız qalasının üzərində peyda olub.
Bu il “Bulgari”nin daim dəyişən və yeni çalarlar əldə edən simvolu –
“Serpenti” ilanı – 75 illik yubileyini qeyd edir. Bu münasibətlə zərgərlik evi
sonsuz ilham mənbəyi kimi ilana diqqət yetirən beynəlxalq “Serpenti Factory”
sənət layihəsini başladıb. Brend Madrid, Şanxay, Seul, Dubay, Milan və Tokio da
daxil olmaqla bir çox şəhərlərdə bu hadisəni öz pərəstişkarları ilə qeyd edib.
Bakıdakı tədbir yubiley ilinin bir növ kulminasiya nöqtəsi oldu.
Azərbaycanda da, bütün dünyada olduğu kimi, “Bulgari” Zərgərlik Evinin
ustalarının yaradıcı baxışları sayəsində daim dəyişən “Serpenti” kolleksiyası
ən çox axtarılanlardan biri olaraq qalır. Və bu təəccüblü deyil.
İlk dəfə 1948-ci ildə təqdim edilən “Serpenti” çox cəsarətli bir təklif idi.
Dəhşətli müharibədən yeni çıxmış dünyaya lüks bir əşya təklif etmək təhlükəli
idi. Lakin “Bulgari” bunu elə məharətlə gerçəkləşdirdi ki, eramızdan əvvəl
Romaya gələn Kleopatranın daş-qaşlarının sehrindən ilhamlanan zərgərlik
saatları ürəkləri fəth etdi. Çevik, stilizə edilmiş korpusa malik ilk “ilan”
saatı məşhur “Tubogas” texnikasında hazırlanmışdı. Qiymətli “boru kəməri”
“Bulgari”nin innovativ ruhunun ifadəsi idi.
İlanın təsviri minillər boyu Şərqdən Qərbə zərgərlərin fantaziyasını məşğul
edib. İlan dərisini dəyişdiyi üçün Yunan və Roma mifologiyasında yenilənmə və
bərpa olunma qabiliyyətlərinin simvolu idi. Daim yenilənən, məcazi mənada öz
quyruğunu dişləyən və bununla da başlanğıcı və sonu olmayan bir çevrə təşkil
edən ilanın simvolik obrazı olan Uroboros da kolleksiyada təmsil olunurdu.
Əbədiyyət rəmzi olan Uroborosun başının yerinə siferblatlı saat düzəltmək
fikri dahiyanə idi. Dizaynın motivi qiymətli daşlar və rəngli mina ilə yaradıcı
təcrübələr üçün platformaya çevrilmişdi. İllər keçdikcə ilan da “məkanı”nı
dəyişdi: artıq onu tək saatlarda deyil, boyunbağılarda, üzüklərdə, sırğalarda
və hətta çantalarda görmək olur. “Serpenti” daim öz görünüşünü dəyişir, lakin
həmişə insanları özünə aşiq edir.
Bu günlərə qədər təsirini itirməyən heyranlıq Bakıdakı Qız qalasında
valehedici “3D-mapping”də təşəkkül tapdı. İdeya “NARGIS” jurnalının komandasına
məxsusdur. Jurnalın baş redaktoru Ülviyyə Mahmud “Bulgari” brendinin dostudur.
Bunun sayəsində bir ilk gerçəkləşdi – UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil
edilmiş Bakının memarlıq simvolunda “Bulgari” brendinin rəmzi əks olundu.
View this post on Instagram
A post shared by Lüks, Dəb və Elit Ortam 💫 (@cabinet.12)
Bu unikal tamaşadan öncə isə “NARGIS” jurnalı ilə birgə Gülüstan sarayında
parlaq bir axşam keçirildi.
Aparıcı Ceyhun Əli bir-birinin ardınca ulduzları səhnəyə dəvət etdi: opera
solisti Samir Cəfərov, etnik instrumental ifaçı ElRein, nağara ifaçısı Ramil
Cahangirov və cazmen İsfar Sarabski. Sonra xüsusi olaraq bu bayram üçün
Londondan gələn “Bulgari” brendinin dostu, caz müğənnisi Cina Vest qonaqlara
eksklüziv konsert verdi.
Eyni zamanda, nadir və bənzərsiz “Serpenti” şah əsərlərindən ibarət kolleksiya
Romadan Bakıya gətirilərək bir neçə gün ərzində paytaxtımızda nümayiş olundu.
Beləliklə, Azərbaycana gəlmiş “Bulgari”nin rəsmi nümayəndələri və onların
“Blue Planet”dən olan azərbaycanlı tərəfdaşları sayəsində Bakıda “Serpenti”
kolleksiyasının 75 illiyi unudulmaz tədbirlə qeyd olundu.