26f32292-5274-4c6d-8351-15d17e6d7999..jpg

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır – ŞƏRH + FOTO

Baxış sayı: 627 dəfə baxılıb.

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır –
ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tək regionda deyil, dünyada da nüfuzu gündən-günə artan Azərbaycan
təhlükəsizlik və davamlı iqtisadi inkişaf baxımından əhəmiyyətli, strateji ölkə
statusunu saxlayır.

Prezident İlham Əliyevin aprelin 22-də Rusiyaya səfəri, orada müzakirə olunan
məsələlər də bunu bir daha təsdiq edir. Dövlət başçısının Moskvaya səfəri mühüm
və xüsusi əhəmiyyət kəsb edir, çünki bu, onun yenidən Azərbaycan prezidenti
seçildikdən sonra Rusiyaya ilk səfəri, eləcə də Rusiya lideri Vladimir Putinin
yenidən dövlət başçısı seçilməsindən sonra onunla ilk görüşü idi.

Bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi,
Azərbaycan Rusiya üçün böyük dost, müttəfiq, strateji tərəfdaşdır və onunla
çoxlu müştərək layihələr həyata keçirilir.

Azərbaycan Rusiya Federasiyası üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı
tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin
inkişafı baxımından da vacibdir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı,
ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün
tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bu mənada, Azərbaycanın
istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri,
həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur.

Səfər gedişində xüsusi vurğulanıb ki, iki ölkə arasında bütün sahələri əhatə
edən əməkdaşlıq artıq pik həddə çatıb. Azərbaycan Prezidenti İlham Əliyev və
Rusiya Prezidenti Vladimir Putin də bunu xüsusi qeyd ediblər. Bütün
istiqamətlər üzrə müsbət dinamika müşahidə edilir, dövlətlər səviyyəsində
müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada
bir-birini dəstəkləyirlər. Bu gün artıq əminliklə deyə bilərik ki, Azərbaycan
obyektiv olaraq Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır. Azərbaycan
həm iqtisadi nöqteyi-nəzərdən, həm də Şimal-Cənub, Xəzər dialoqu üzrə
geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri baxımından
da əhəmiyyətlidir.

Əvvəla, iki ölkəni birləşdirən ən mühüm məsələlərdən biri xalqların ümumi
tarixdir. Tarixin yaddaqalan bir çox məqamları ölkələrimizi, xalqlarımızı daha
da yaxınlaşdırıb, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə
verir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz əlaqələrimizin
inkişafından çox razıyıq. “Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında
Kremldə imzalanan əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl
inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
çərçivəsində işləyirik”, – deyə Prezident vurğulayıb.

İkincisi, ölkələr arasında iqtisadi əlaqələr də pik həddədir. Məsələn,
ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizi yükdaşımaların təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında
ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir.
Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə
birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu
yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu
yolda yükdaşımaları artıra bilək və bununla şimaldan Hind okeanına unikal
nəqliyyat yolunu təmin edək.

Üçüncüsü, regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət
başçıları da vurğulayıblar ki, onlar öz həllini sürətlə tapır. Rusiya Qafqazda
və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz
arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz
qarşılıqlı fəaliyyət və maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın,
qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına
çalışırıq. Həqiqətən də, Cənubi Qafqazda təhlükəsizlik məsələləri bu gün də
əvvəlki kimi Rusiya-Azərbaycan münasibətlərində son dərəcə aktual olaraq qalır.

Qarabağ münaqişəsi həll olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi,
lakin gördüyümüz kimi, Qərb Ermənistandan istifadə etməklə Cənubi Qafqazda
vəziyyəti sarsıtmağa çalışır. Və belə olan halda Rusiya ilə Azərbaycan regionda
Qərbin planlarının həyata keçirilməsinin qarşısını almaq üçün siyasətləri
əlaqələndirməlidir. İlham Əliyev də xüsusilə vurğulayıb ki, Azərbaycan və
Rusiyanın digər sahələrdə olduğu kimi, regionda təhlükəsizlik sahəsində də
qarşılıqlı fəaliyyətindən çox şey asılıdır.

Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Bakı bu gün regionda təhlükəsizlik
məsələlərinin həllindən məmnundur. Bu, şübhəsiz ki, Moskva ilə Bakının eyni
gəmidə olduğunu nümayiş etdirən çox mühüm vurğudur. Vladimir Putin də öz
növbəsində qeyd edib ki, Rusiya-Azərbaycan danışıqlarının gündəliyinə
təhlükəsizliklə bağlı bir çox məsələlər daxildir və bunlar həssas məsələlərdir.

Dördüncüsü, sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri
dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm
təməllərə əsaslanır.

Yeri gəlmişkən, Putin və Əliyevin Heydər Əliyevin rəhbərlik etdiyi layihə olan
Baykal-Amur Magistralının tikintisinin veteranları ilə görüşünə də diqqət
yetirmək lazımdır. Və Putinin Əliyevi belə bir tədbirə dəvət etməsi həm
Moskvanın, həm də Bakının güclü tarixi əlaqələrə nə qədər diqqət yetirdiyini
bir daha nümayiş etdirir. Bu da son dərəcə vacibdir. Bu, rəsmi Moskvanın Heydər
Əliyevə və onun Sovet dövlətinin inkişafındakı xidmətlərinə necə hörmət
etdiyini də hamıya göstərir.

Beləliklə, Prezident İlham Əliyevin Moskvaya səfəri iki ölkə arasında
münasibətlərin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu məqam həm
də Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş olduğunun növbəti təsdiqidir.

Ən önəmli məqam budur ki, səfər Rusiya sülhməramlı kontingentinin
Azərbaycandan çıxarılması kontekstində baş tutdu. Bu proses iki ölkə liderinin
qarşılıqlı anlaşma və qərarı əsasında, qarşılıqlı hörmət və yüksək siyasi
mədəniyyət şəraitində gerçəkləşdi. Bu, Azərbaycanın ağıllı, məntiqli
siyasətinin tərkib hissəsidir. Görünən də odur ki, Azərbaycan bütün
tərəfdaşlar, xüsusilə də qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan
münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

“Report” İnformasiya Agentliyi

Source link