Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə Azərbaycanda iqtisadi artım
proqnozunu 3.2%-ə qədər artırıb.
“Report”un xəbərinə görə, bu, “World Economic Outlook” hesabatının oktyabr
buraxılışında əksini tapıb.
Aprel ayında BVF cari il üçün Azərbaycanda iqtisadi artımı 2.8% səviyyəsində
proqnozlaşdırırdı. Yeni hesabata əsasən, 2025-ci ildə artımın 2.5% olacağı
(aprel proqnozunda 2.3%) gözlənilir, 2029-cu il üçün isə proqnoz 2.4%
səviyyəsində saxlanılıb.
Ümumilikdə, Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım 2024-cü
ildə 2.4%, 2025-ci ildə 3.9%, 2029-cu ildə 3.8% səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr
aylarında ölkədə 92.8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal
edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.7% çoxdur. Neft-qaz
sektorunda əlavə dəyər 0.9%, qeyri-neft-qaz sektorunda isə 7.1% artım göstərib.
Azərbaycan hökuməti 2024-cü ildə ÜDM artımını 4.2%, 2025-ci ildə 3.5%, 2026-cı
ildə 2.8%, 2027-ci ildə 3.8%, 2028-ci ildə isə 3.3% səviyyəsində
proqnozlaşdırır. Eyni zamanda, neft-qaz sektorunda 2024-cü ildə 0.3%, 2025-ci
ildə 0.5% artım, 2026-2028-ci illərdə isə müvafiq olaraq 3%, 0.1% və 2.1%
azalma gözlənilir.
Qeyri-neft-qaz sektorunda isə sabit artım proqnozlaşdırılır: 2024-cü ildə
6.4%, 2025-ci ildə 4.9%, 2026-2028-ci illərdə isə təxminən 5%.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda ÜDM 1.1% artıb.