0d22b561-e28e-4f9f-af26-049e4ffe3982..jpg

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dam örtüyündə yaşıl enerji mənbəyi yaradılıb – FOTO

Baxış sayı: 645 dəfə baxılıb.

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dam örtüyündə yaşıl enerji mənbəyi
yaradılıb – FOTO

Prezident İlham Əliyevin sentyabrın 28-də açılışını etdiyi Cəbrayıl Rəqəmsal
İdarəetmə Mərkəzinin dam örtüyündə yaşıl enerji mənbəyi yaradılıb və şəbəkəyə
inteqrasiyası həyata keçirilib.

“Report” xəbər verir ki, bunu əraziyə təşkil olunmuş mediaturda “Azərişıq”
ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

Onun sözlərinə görə, mərkəzin dispetçer idarəetmə sistemi həm
mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına
malikdir.

Bildirilib ki, Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq “Cəbrayıl”
yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə
tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər
güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə
imkan verəcək.

Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə
sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında
abonent məmnunluğunu təmin edəcək. Mərkəz şəhərin müxtəlif təyinatlı
infrastrukturunun elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təchizat
sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə
edilməsinə imkan yaradacaq.

Müasir tipli mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının
etibarlılığı və dayanıqlılığına nəzarət təmin ediləcək. Rəqəmsal Elektrik
Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin
paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji
səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin
artırılmasına zəmin yaradacaq. Eyni zamanda, burada mühəndis-texniki heyətin
effektiv işini təmin edən müasir avadanlıqlarla təchiz edilmiş iş otaqları,
vətəndaş qəbulu üçün bütün şərait nəzərdə tutulub.

35/0,4 kilovoltluq “Cəbrayıl şəhər” yarımstansiyası qovşaq yarımstansiyası
olmaqla 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası, Zəngilan, Qubadlı
rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik
təchizat sxeminə daxil olacaq.

Source link