Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsi
bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilir.
Cixisyolu.com bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun
inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi qoyuluş
gücü ilkin mərhələdə 50 MVt olmaqla, ümumilikdə 100 MVt gücündə olan Günəş
elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələrinin
ərazisi kimi müəyyən edilir (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və
sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur).
Azərbaycan Respublikasının Energetika Nazirliyinə qərarla müəyyən edilmiş
bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının
seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il
2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpaolunan enerji
mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın
tələblərinə uyğun olaraq həyata keçirmək həvalə olunub.
Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə
bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 229 hektar torpaq
sahəsində Günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi
istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan
Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə
icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə
verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının
Aqrar və ekologiya şöbəsinə həvalə edilib.