ec29bd9b-f521-45c6-b3ad-950e9568e9c2.jpg

Cəfər Namiq Kamal: “Aktyorluq ömür qısaldan sənətdir”

Baxış sayı: 203 dəfə baxılıb.

Xalq artisti Cəfər Namiq Kamal gələn il 75 yaşını qeyd edəcək. Artıq 50 ildən
çoxdur ki, o, peşəkar səhnədədir.

Akademik Milli Dram Teatrının tanınmış aktyoru “Kaspi” qəzetinə müsahibəsində
sənətinin özünəməxsus sirlərini açıb.

Həmin müsahibəni təqdim edirik:

– Cəfər müəllim, teatrın səhnəsinə, kinonun pavilyonuna öyrəşənlər adətən
tətilləri o qədər sevmirlər.Siz necə?

– Bu fikirlə razıyam… Mən artıq 25 ildir ki, məzuniyyət vaxtı istirahət üçün
Yessentukiyə gedirəm. Bir az dirçəlib gəlirəm. O müddətdə görmək istəmədiyim
adamları görmürəm, problemlərdən uzaqlaşıram, beynim sakit olur. 11 ay işləməyə
güc var artıq. Amma ora gedəndə bir həftədən sonra iş üçün darıxıram. Teatr
epidemiya kimidir. Biz bu işi sevdiyimizə görə gəlmişik. Sevdiyin yerə də tez
qayıtmaq, yenə də “dəli” dostlarınla “qazıntılar” aparmaq istəyirsən.

– “Dəli” dostlar deyəndə obrazları nəzərdə tutursunuz?

– Yox, onları nəzərdə tutmuram. Bizə əvvəllər bir qədər başqa cür
yanaşırdılar. “Bunlar az maaşla necə işləyirlər, heç yerə getmirlər?” – deyə
bizə dəli kimi baxırdılar. Biz də onların yanından qaçıb öz “dəli”
dostlarımızın yanına gəlirdik ki, bir yerdə özümüzü daha rahat hiss edək.
Düzdür, indi baxışlar bir qədər dəyişib. Bilirsinizmi, onlar bilmirlər axı
aktyorluq nədir? Sən əsərdə verilən obrazın beynini düşüncəsindən tutmuş ürək
döyüntüsünə kimi tapmalısan. Yəni, yeni insan təqdim etməlisən. Mən həmişə
deyirəm: bir qurban olduğum yeni insan yaradır, bir də aktyor. Fərq odur ki,
Tanrı insanı sıfırdan yaradır. Biz isə bəzən 60 yaşında insanın dərdini
özəlləşdirib öz dərdimiz edirik. Aktyorluq ömür qısaldan sənətdir. Normal
aktyor ayda 8-10 insanın dərdini içindən keçirir. Keçirməsən, zalda oturan
tamaşaçı sənə inanmayacaq. Üzünə baxıb əsnəyə də, durub gedə də bilər… Bu,
bir az qəliz sənətdir. Tamaşaçıya nə verirsən, onu da qəbul edir. Normal qida
versən, teatrın qapısını sabah da, birisi gün də açacaq. Aktyorluq həm sənət
baxımından çətindir, həm də gərək oturuşunu-duruşunu, səsinin tonunu biləsən.
Digər tərəfdən, səninlə bağlı məlumatlar nə qədər örtülü qalsa, o qədər artıq
söz-söhbətə yol açmaz. Yəni nə qədər gizlin olsan, o qədər sevimli olarsan.

– Sonuncu dəfə “Xanuma” tamaşasında Knyazınıza baxmışam. Bu tamaşada “komik
aktyor” ampluası daha çox üzdədir. Bilmirəm, haqqınızda bu fikir aktyorluq
karyeranıza mane olur, yoxsa sizə kömək edir?

– Komediya ən çətin janrdır. “Xanuma” da komediyadır. Bu tamaşada mənim
improvizələrim çoxdur. Amma “amplua” sözünü xoşlamıram. Aktyora “insan
mühəndisi” deyirlər. Yəni yeni insan hazırlaya bilir. O insan müxtəlif
xarakterdə ola bilər. Məsələn, taxta işi ilə məşğul olan dülgər döşəmə də,
pəncərə də, qapı da düzəldir. Aktyor da dərdli adamın da obrazını yaratmalıdır,
ziyalının da, ağıldan kəmin də… İndiki zamanda komediya oynamaq da çətindir,
ciddi dram da. Camaatın o qədər problemi var ki, komediyaya gələndə də üzləri
gülmür. Toya gedirsən, heç kimin üzü gülmür. Yaxşı komediyada 10-15 dəqiqədən
sonra donları açılır. Evdəki soyuducunun boş olmasını, borclarını yaddan
çıxarır, saat yarım ərzində hər şeyi unudurlar. Tamaşaçı gülürsə, bu, savabdır.
Ona görə həm güldürmək, həm də dərdə ortaq olmaq çətindir .

– “Azdrama”da bir neçə rejissorun quruluşunda tamaşalarda oynamısınız. Fərqli
yanaşmalar və üslublar arasında keçid etmək çətindir?

– Məşq prosesi bizə kömək edir. Mən buna “qazıntılar” deyirəm. İlk növbədə
insanın xarakterini tapmalısan. Əvvəlcə insanı yaradırsan, sonra onun başına
gələn hadisələrin içindən keçirsən. Bu baxımdan, bu sənətin tavanı yoxdur,
öyrəndikcə qurtarmır. Hər rol alanda “görəsən, bu obrazı ərsəyə gətirə
biləcəyəmmi?” – deyə düşünürsən. Mən məşqdən zövq alan aktyoram. Çünki
yaradıcılıq, tapıntı məşqdə olmalıdır. Tamaşa vaxtı eləsən, bu, özfəaliyyətdir.
İmprovizələri çox xoşlayıram. Məsələn, qəlbimdə hiss edirəm ki, bax, burada bu
sözə ehtiyac var. Yarım dəqiqə tez və ya gec desən tutmayacaq, həmin anda
istifadə etmək lazımdır. Onda da zaldakı 500 nəfər yaxşı mənada “partlayacaq”.

– Tez- tez müasir teatrdan, repertuar teatrının köhnəlməsindən danışırlar.
Ənənəvi teatrı hər hansı təhlükə gözləyirmi?

– Bura Akademik Milli Dram Teatrdır. Bu, təbliğat briqadası deyil ki, bu gün
filan şey tələb olsun, onu verəsən. Əlbəttə, dövrün nəbzin tutmalısan. Məsələn,
Qarabağ torpağı işğaldan azad olunub. Bu barədə tamaşa hazırlamasan günahdır.
Amma “Bu gün poçt işçiləri və ya dənizçilər günüdür” deyə tamaşa
hazırlamamalıyıq. Bu teatrın öz dəst-xətti var, onunla da gedir. “Planka” bu
teatra layiq olmalıdır. Bəzi dövrlərdə bu “plankanı” elə aşağı salmışdılar ki,
üzərindən atlanmaq lazım deyildi, elə üstündən keçib gedirdilər. Olimpiya
yarışlarına 2 m hündürlüyə tullanan idmançını aparırlar ki, bundan da hündürə
tullanıb çempion olsun. Sənət də elədir. Hər kəsin öz hündürlüyü var. Onu
tullana bilənlər teatrda işləməlidir. Yoxsa bu akademik teatr yox, özfəaliyyət
dərnəyi olar. Ona görə bu teatra hansı aktyoru və rejissoru da dəvət edəndə
fikirləşməlidirlər. Teatrın rəhbərliyi, bədii rəhbər həmişə bu “plankanı”
yerində saxlamaq haqqında düşünməlidir.

– Fikirlər var ki, Şekspirin “Dahi”si, Tolstoyun “Hərb və sülh”ü kimi qalın
romanları oxumaq indi çoxuna maraqlı olmadığı kimi, uzun tamaşalara baxmağa da
tamaşaçının hövsələsi yoxdur. Səhnə əsərləri daha qısa, daha lakonik, daha
hərəkətli olmalıdır…

– Bu, tamaşanın keyfiyyətindən asılıdır. Tamaşa var ki, tamaşaçını 3 saat da
zalda saxlayar. Tamaşaçı heç bilməz bu vaxt haradan gəlib keçdi. Amma 45 dəqiqə
ərzində oynanan tamaşa da var ki, tamaşaçı “nə vaxt qurtarar?” – deyə ayağını
qaçaraq qoyur. Gərək tamaşaçını maraqlandıra biləsən. Belə bir şey var:
tamaşaçıya silləni başlayan kimi tutuzdura bilməlisən. Bacarmasan, tamaşa
get-gedə sönük olacaq. Tamaşaçı da çox duyğusal və tələbkardır. Ona münasibətdə
suyu üfürə-üfürə içmək lazımdır. Artıq 55 ildir peşəkar səhnədəyəm. Elə vaxt
olub xəstə gəlmişəm, temperaturum olub, dublyor olmadığından məcbur qalıb
səhnəyə çıxmışam. Amma tamaşanı elə canlandırmışam ki, səhnədə də sağalmışam.
Səhnə elə bil müalicəvi yerdir, səni xəstəlikdən çıxarır.

– Siz kinolarda da çəkilmisiniz, serialda da. Özünüzü nə qədər kinoya aid hiss
edirsiniz?

– Gənc Tamaşaçılar Teatrında çalışanda Aktyorlar evində yerləşirdik. Bizim
üçün bina tikirdilər. Tez-tez qastrollara gedirdik. Filmlər də o dövrdə
çəkildi. Sonuncu çəkildiyim film Eldar Quliyevin “Dərvişin qeydləri” oldu.

– Deyəsən, o filmi bəyənməmisiniz…

– Filmi həm bəyənmədim, həm də səsləndirməsi xoşuma gəlmədi. Adətən aktyor
deyən fikirləri rejissorlar qəbul edirlər. Mən teatrda da deyirəm, keçir də…
Amma Eldar müəllim qəbul eləmirdi. Həm də səsləndirməni aktyor Sabir Məmmədova
verdi. Mənim axı orada nəfəsim, hisslərim var. Bunu başqası mənim kimi edə
bilərmi? Əlbəttə, yox… Bu kimi məsələlərə görə razı qalmadım.

– İnstitutda ixtisasdan dərs deyirdiniz. Tələbələrdə vaxtilə özünüzdə olan
entuziazmı görmədiyiniz üçün auditoriyadan uzaqlaşdınız?

– Mən dərs deməyə pula görə getmirdim. Cəmi 130 manat pul alırdım. Sadəcə,
istəyirdim bildiyimdən öyrədim. Müşahidə etdim ki, tələbələr təsadüfən
gəlirlər. Əvvəllər 300 nəfər sənəd verirdisə, kurs rəhbəri “güman var ki, 15
nəfərin içindən ikisi aktyor olsun” deyə özü seçirdi. İndi kimin balı
uyğundursa aktyorluğa gəlir. Amma baxırsan ki, heç zahirən də uyğun gəlmirlər.
Deyəndə ki, aktyorluğa uyğun deyilsiniz, biri deyirdi “atam məni başqa yerə
düzəldəcək”, biri deyirdi “dayım mənə başqa yerdə iş tapacaq”. Mən də dedim ki,
məşqdən icazə alıram, həşirlə gəlirəm, siz də oxumaq istəmirsiniz… Oturub
ərizəmi yazdım, gücüm özümə çatdı…

– Özünüzü rejissor kimi sınamaq fikrinə düşməmisiniz?

– Hər kəsin öz işi var. Mən həmişə öz rolumun rejissoru olmuşam. Bütün
tamaşaya rejissor cavabdehdir. Rejissorlara da deyirəm: tamaşaya siz
cavabdehsiniz, amma imkan verin, öz rolumun öhdəsindən gəlim. Əvvəlcə bu insanı
yaradaq, sonra əlavələri deyərsiniz. Bəziləri də “filan rolu oynadım” deyir. Bu
fikir düz deyil: domino, nərd oynayarlar. “Kağız üzərində quru yazılmış mətni
canlandırdım, beyni işləyən, ürəyi döyünən insana çevirdim. Səhnəyə çıxarıb
saat yarım gəzdirdim”. Bu, daha məntiqlidir.

– Qardaşınız İlham Namiq Kamalla aranızda hansı oxşarlığı və fərqi görürsünüz?

– İlhamla lap uşaqlıqdan tərəf-müqabil olmuşuq. Dram Teatrında da 3-4 tamaşada
tərəf-müqabil kimi səhnəyə çıxmışıq. İlham yaxşı tərəf-müqabildir, ayıqdır.
Mənim də ayıq aktyorlardan xoşum gəlir. O, bir işi sona qədər çatdırmağı
xoşlayır.

– Heç yorulduğunuz və ya bezdiyiniz anlar olur? Məsələn, “artıq çıxıb getmək
lazımdır”, – deyə atıb hər şeyi getmək istəyirsiniz…

– Yox, mən bu sənətdən zövq alıram. İşinə tələbat olmayanda adam özünü
yararsız hesab edir. İstifadəsiz olmaq ölmək kimi bir şeydir, elə bil həyatda
yoxsan. Şükür ki, mənə hələ tələbat var. Mən də çalışıram rejissorun üzünü ağ
edim ki, “buna nə üçün rol verdim?” deməsin. Rollarımın hamısından razıyam,
əksəriyyəti alınıb. Çünki can qoymuşam, elə-belə heç nə alınmır. Bu teatra
gələn gündən bir də ayıldılar ki, repertuardayam. Məni Həsənağa Turabov dəvət
etmişdi. Burada bir az “dimdikləmək” vardı. Amma məni “dimdikləyə” bilmədilər,
bir də gördülər repertuardayam. Zəhmət çəkəndə də bəhrəsini görürsən.

– Söhbətin əvvəlində gülüşün vacibliyindən danışdınız. Sizcə, gülüş həqiqətən
ömrü uzadır? Bəs gülə bilməyəndə nə olsun?

– Mənim rol aldığım komediyalarda hələ zaldan gülməyən adam çıxmayıb. Məndə
incə gülüşdür, bayağı deyil. Şəxsən özüm də istərdim ki, 5-10 manat verim, iki
saat güldürsünlər. Amma bu işi mən boynuma çəkmişəm…

Source link