Cəlilabaddakı Xudutəpə yaşayış məskəninin Neolit dövrünə aid olması
təsdiqlənib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan
yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib.
“Report”un məlumatına görə, institutda fəaliyyət göstərən “Arxeoloji
tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi
Aybəniz Əhədova “Elektron Paramaqnit Rezonans” və “Termoluminessensiya”
metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların
yaşlarını təyin edib.
Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış
məskənindən götürülmüş diş nümunəsinin təxminən eramızdan əvvəl 6225-ci ilə aid
olduğunu təyin edib.
Sözügedən tədqiqatlarda, həmçinin həmin abidədən götürülmüş keramika
nümunəsinin bişmə temperaturu da müəyyən olunub.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi
işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə
“Cəlilabad arxeoloji ekspedisiyası” zamanı aşkarlanmış Xudutəpə abidəsi mühüm
çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, qazıntılar zamanı həm neolit dövrünün
artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri, həm də
Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından
kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.
Xatırladaq ki, Cəlilabad rayonunda yerləşən Xudutəpə yaşayış məskənində
aparılan qazıntılar zamanı unikal hesab olunan tarixi tapıntılarda iki miniatür
qoç fiquru aşkarlanıb.
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi, dosent
Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi üç
müxtəlif metodla (Radiokarbon, Elektron Paramaqnit Rezonans,
Termolüminessensiya) aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.