Cəlilabadın Göytəpə şəhərinin Baş planının təqdimatı olub – FOTO
Cəlilabad rayonunun Göytəpə şəhərinin Baş planının təqdimatı olub.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, təqdimatda Cəlilabad Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini, aparat əməkdaşları, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi
müdirinin müavini, Baş planı hazırlayan şirkətin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini çıxış edərək Cəlilabad
rayonunda 2 şəhər, 118 kənd olduğunu və Göytəpəyə 1976-ci ildə şəhər statusunun
verildiyini bildirib. Sosial, iqtisadi və demoqrafik quruluş çərçivəsində
şəhərin regional yerləşməsi və əlaqələri, əhalisi, iqtisadi və sosial strukturu
şəhərin baş planını hazırlayarkən araşdırılır və son nəticədə gələcək regional
rol, əhali və iqtisadi struktur planlaşdırma üçün əsas kimi müəyyən edilir.
Göytəpə şəhəri ərazisinin müasir istifadə planının, şəhərətrafı ərazinin
hazırlanması, ərazinin kompleks qiymətləndirilməsi, nəqliyyat, su təhcizatı və
kanalizasiya, yağış kanalizasiya, qaz təhcizatı, istilik təhcizatı, elektrik
təhcizatı sxemlərinin kompleks hazırlanması zərurətinin yarandığını və Göytəpə
şəhərində görüləcək hər bir işin Baş plana uyğun aparılacağını qeyd edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf
şöbəsi müdirinin müavini qeyd edib ki, Göytəpə şəhərinin Baş planı Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən dövlət büdcəsi hesabına
işlənilib. Tərtib olunan planın yekun layihəsi Şəhərsalma və Tikinti
Məcəlləsinin tələblərinə uyğun hazırlanıb.