Cənubi Afrikada minlərlə mədən işçisi ikinci gündür yerin altından çıxmaqdan
imtina edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cənubi Afrikanın şimalında, Ryustenburq şəhəri yaxınlığındakı platin mədənində
iki mindən çox mədən işçisi iki gündür tətil elan edib və yerin altından
çıxmaqdan imtina edir.
Bu barədə mədənin sahibi olan “Impala Platinum Holdings Limited (Implats)”
şirkətinin rəhbərliyi məlumat verib.
“İki çuxurdakı mədənçilər yuxarı qalxmaqdan imtina ediblər. Yerin altında olan
işçilərin ümumi sayı 2 205 nəfərdir. Aksiya qeyri-qanunidir, çünki tətil elan
edilməsi üçün lazım olan şərtlər yerinə yetirilməyib”, – deyə şirkətin mətbuat
üçün verdiyi açıqlamada bildirilib.
Hazırda mədəndə bütün işlər dayandırılıb. Tətildə iştirak etməyən işçi heyət
təxliyə olunub. Mədən rəhbərliyi hələlik tətilçilərdən tələb gəlmədiyini deyib.
Qeyd edək ki, 2023-cü ildə Cənubi Afrikada tətillərin yeni forması yayılmağa
başlayıb ki, bu zaman mədən işçiləri tələblərinin yerinə yetirilməsi üçün uzun
müddət yerin altında qalırlar. Bu tələblər əsasən maaşların artırılması, pulsuz
tibbi sığortanın təmin edilməsi və mədən rəhbərlərinin istefasına aid olur. Bu
cür aksiyaların təşəbbüskarları Cənubi Afrikanın ən gəlirli mədənlərində
möhkəmlənməyə çalışan yeni həmkarlar ittifaqlarıdır.
Mənbə: TASS