Cənubi Amerikada müharibə və neftin qiyməti – STANİSLAV MİTRAXOVİÇLƏ MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tezliklə dünyanın siyasi xəritəsində müharibəyə çevrilmək təhlükəsi olan yeni
qaynar nöqtə yarana bilər. Dekabrın 3-də Venesuelada məşvərətçi referendum
keçirilib və iştirakçıların 95%-i hakimiyyətin yeni Essekibo ştatını ölkə
sərhədləri çərçivəsinə daxil etmək niyyətini dəstəkləyib. Lakin bu ərazi
hazırda qonşu Qayananın bir hissəsidir. Ölkələr arasında ərazi mübahisəsi 19-cu
əsrin sonlarından davam edir. Söhbət Essekibo və Orinoko çayları arasında ümumi
sahəsi təxminən 160 min kv.km olan geniş ərazidən gedir. Bu yaxınlarda regionda
bir neçə böyük neft yatağı kəşf edilib.
Vəziyyət o qədər gərginləşib ki, qonşu Braziliya ordunun səfərbər olunduğunu
elan edib və Qayananı Venesuelanın işğalından qoruyacağını vəd edərək, silahlı
qüvvələrini bu ölkə ilə sərhədə toplamağa başlayıb.
Regionda nə baş verir? Gərginliyin səbəbi nədir? Söhbət təkcə neft
yataqlarından gedir?Cixisyolu.com-ın bu suallarını cavablandıran Milli Enerji
Təhlükəsizliyi Fondunun və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə
Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç qeyd edib ki, neft
münaqişələrə təsir edən qiymətli resursdur:
– Venesuelanın Qayananın bir hissəsi hesab edilən əraziyə çoxdan marağı var.
Bu məsələnin kökü tarixə gedib çıxır. Eyni zamanda, Venesuela hakimiyyəti
vaxtaşırı ölkə daxilində öz mövqelərini gücləndirmək üçün bəzi variantlar
axtarır. Bu cür, hətta deyərdim avantürizmə yaxın olan xarici siyasət
ssenariləri ölkədəki böyük inflyasiya və bir çox başqa problemlər ucbatından
çətin şəraitdə yaşayan əhalinin xoşuna gələ bilər.
Ancaq mənə elə gəlir ki, bu bölgə tam hüquqlu qaynar nöqtə olmayacaq. Bu cür
təşəbbüsü Venesuelaya tətbiq edilən sanksiyaların ləğvi ilə uzlaşdırmaq
çətindir. Amerikalılar hazırda məhz sanksiyaların aradan qaldırılması ilə
məşğul olurlar. İndi ABŞ-nin Rusiyaya təzyiq göstərməsi daha vacibdir, ona görə
də Venesuela və hətta İran neftinin bazara daha iri həcmdə çıxarılması ABŞ
strategiyasına uyğun gəlir. Vaşinqton İranın son bir ildə neft ixracatını
müəyyən qədər artırmasına göz yumub. Venesuelada da oxşar hadisə baş verir. ABŞ
sanksiyaları aradan qaldırmaq istəyirlər ki, bu ölkə ixracını artıra bilsin.
Aydındır ki, bu, sürətli proses olmayacaq və son onilliklər ərzində
deqradasiyaya uğramış infrastruktura investisiya tələb edəcək. Ancaq buna
baxmayaraq, amerikalılar tərəfindən hərəkət başlayıb. Elə isə Karakasın bütün
bunları xarici siyasət avantüralarına görə məhv etməsinin nə mənası var? Mənə
elə gəlir ki, Venesuela hakimiyyəti buna çətin ki, hazırdır. Ona görə də təkrar
edirəm: Çox güman ki, bu regionda tam hüquqlu qaynar nöqtə olmayacaq. Bu,
yalnız Karakas sanksiyaların ləğvi ilə bağlı Vaşinqtonla razılığa gələ
bilmədikdə mümkündür. Lakin Venesuela sanksiyaların ləğvini daha çox istəyir,
nəinki ölkəyə yeni bir ştatın daxil edilməsini.
– Bəlkə buna görə referendum “məsləhətçi”, yəni əslində məcburi deyildi?
– Təbii ki, bu, bir növ məsləhətləşmə idi. Venesuelada əhalinin necə səs
verməsindən asılı olaraq döyüşlər başlaya bilməz. Beləliklə, ictimai rəylə
işləmək ehtiyacı ortaya çıxdı, hər şey məntiqlidir. Bu isə hazırkı hökumətin
populyarlığını artırır, çünki əhali Qayana ərazisinin bir hissəsinin
Venesuelaya aid olduğuna inanır. Amma sözün əsl mənasında döyüşmək istəyi şübhə
doğurur. Müharibə ümumiyyətlə çox baha başa gələn mövzudur, xüsusən də ona
hazırlaşmırsınızsa, qısa deyilsə və s.
– Artıq mövcud olan, lakin müharibəsiz gərginlik neftin qiymətinə necə təsir
edə bilər?
– Tammiqyaslı hərbi əməliyyatların əlamətləri olmadığına görə, neft
bahalaşmayacaq. Yaxın Şərqdə İsrail və qonşu dövlətlərin iştirakı ilə
münaqişənin gərginləşəcəyi gözləntiləri var idi və buna görə neftin qiyməti
qalxdı. Treyderlər anlayanda ki, İsrail 2008-ci ildəki “Tökmə Qurğuş”
əməliyyatındakı kimi Qəzza zolağında lokal hərbi fəaliyyətlə məhdudlaşacaq,
genişmiqyaslı eskalasiya olmayacaq, məhz bundan sonra neftin qiyməti
stabilləşməyə başladı və daha sonra ucuzlaşdı.
– Sizcə, Braziliya niyə Qayananın müdafiəsinə qalxır və Venesuelanın hücumunu
dəf edəcəyinə söz verir? Eyni zamanda, Latın Amerikasından olan
həmsöhbətlərimin mənə dediyi kimi, Braziliyanın çox yaxşı ordusu, ən azı bir
çox qonşu ölkələrin ordusundan daha yüksək miqyaslı ordusu var.
– Braziliya bu regionda lider olduğunu iddia edir. Braziliyaya yeganə
alternativ Argentina ola bilər, lakin o, daim defolt ərəfəsində yaşayır. Bu
azmış kimi, ölkədə Argentina iqtisadiyyatı üçün çox qəribə reseptlər təklif
edən Havyer Miley hakimiyyətə gəlib. Braziliya, xüsusilə Latın Amerikası
standartlarına görə, kifayət qədər uğurlu ölkədir. O, “Embraer” təyyarələrini
istehsal edir (Braziliyanın təyyarə istehsalı konqlomeratı “Empresa Brasileira
de Aeronautica” orta məsafəli sərnişin təyyarələri üçün qlobal bazarda
liderlərdən biri hesab olunur – red.). Ona görə də Braziliya hansısa ölkənin
tələbi ilə onu qoruya bilər. Ancaq yenə də düşünürəm ki, işlər müharibəyə doğru
getmir və Venesuela özü də buna hazırlaşmır. Braziliya ordusunun səfərbər
olması isə bir simvolik jestdir.
Nair Əliyev