Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Adını Azərbaycan muğam tarixinə qızıl hərflərlə yazdıran xanəndə, görkəmli
sənətkar Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir.
Bununla bağlı məlumatı Moderator.az-a tanınmış rejissor Rauf Kazımovskinin
oğlu Mirmahmud Kazımovski deyib.
“Cabbar Qaryağdıoğlunun Yasamal ərazisində yerləşən məzarı baxımsız
vəziyyətdədir. Sənətkar əvvəl Çəmbərəkənd qəbiristanlığında dəfn olunub, daha
sonra xanəndənin məzarı Yasamal rayon qəbiristanlığına köçürülüb. Cabbar
Qaryağdıoğlunun məzarının Fəxri xiyabana köçürülməsi ilə bağlı SSRİ Nazirlər
Soveti tərəfindən qərar 1948-ci ildə verilib. Məndə o sənəd var, hələ də
saxlayıram. Həmin qərara əsasən, Cabbar Qaryağdıoğlu da daxil olmaq şərtilə
həyatdan köçmüş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməli
idi. Bu siyahıya görkəmli incəsənət xadimləri salınıb. Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseynqulu
Sarabski, Süleyman Sani Axundov, Əli Nəzmi, Rüstəm Mustafayev, Əzim Əzimzadənin
məzarı Bakıda Fəxri xiyabanda, Molla Vəli Vidadinin məzarı Qazaxda, Seyid Əzim
Şirvani və Sabirin məzarı Şamaxıdadır. Əfsuslar olsun ki, siyahıda olan
şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri xiyabana
köçürülməyib. Əslində gərək tarixi ədalət bərpa olunsun. Cabbar Qaryağdıoğlu
həmin siyahıda 8-ci adamdır. 1957-ci ildə Həsən bəy Zərdabinin ölümünün 50
illiyi olanda onun məzarı Fəxri xiyabana köçürüldü. Gərək sənətkara sağlığında
da, öləndən sonra da qiymət verilsin. Mənim babam, adını daşıdığım Mirmahmud
Kazımovski Azərbaycanda teatrın bünövrəsini qoyan şəxslərdən biri olub. 1938-ci
ildə, repressiya illərində “Əməkdar artist” fəxri adını alıb. Atam Rauf
Kazımovski AzTV-nin ilk baş rejissoru olub. Qardaşım Ələkbər Kazımovski
“Hicran” televiziya tamaşasını lentə alıb. Bunları unutmaq olmaz”, – deyə
müsahibimiz bildirib.
Mirmahmud Kazımovski deyib ki, sənətkarın məzarının Fəxri xiyabanda yox, adi
qəbiristanlıqda olması vaxtilə böyük sənətkarımız Əlibaba Məmmədovu da narahat
edirdi.
“Rəhmətlik Əlibaba Məmmədov mənimlə qonşu idi. Axşamlar görüşüb çay içirdik.
Bir dəfə Cabbar əmidən söz düşdü. O mənə dedi ki, bu məzar yiyəsiz qalıb,
indiyə kimi onu köçürməyiblər. Cabbar əminin məzarının harada yerləşdiyini onun
mahnılarını ifa edən sənətçilər də bilmirlər. Onun məzarı köhnə qəbirlərin
arasında, sıx məsafədə yerləşir. Çətinliklə məzara yetişmək olur. Bir neçə
məşhur xanəndəyə də demişəm ki, sizin əliniz çatır, aidiyyəti qurumlara deyin
məzarı köçürsünlər. Onlar mənim bu sözümü qulaqardına vurublar. Efirlərdə
“Cabbar əmi” sözü dillərindən düşmür, amma di gəl ki, soruşanda bu kişinin
qəbri haradadır, təsəvvürləri belə yoxdur. Məndən başqa heç kim gedib qəbri
tapa bilməz. Bir neçə il bundan əvvəl televiziya vasitəsilə çəkiliş də
etmişdik, amma nəticəsi olmadı. Nə Yasamal Rayon İcra Hakimiyyəti, nə də
Mədəniyyət Nazirliyindən müsbət cavab gəldi. Biri deyir ki, Bəstəkarlar
İttifaqı baxmalıdır, biri də deyir ki, filan qurum maraqlanmalıdır. Mən baş aça
bilmirəm ki, kim bu işdə qabağa düşməlidir?! Məzar daşı da onun adına yaraşmır.
Elə bil ki, yola veriblər, başdan ediblər. Ümid edirəm ki, məsələ öz həllini
tapacaq”, – deyə Mirmahmud Kazımovski deyib.
Qeyd edək ki, Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi
tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Ömrünün 60 ilini
xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın
xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Qafqazda ən yaxşı xalq ifaçısı
şöhrətini qazanıb. Əbəs yerə onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmırlar.
Xanəndə, həmçinin bir çox mahnıların, həmçinin “İrəvanda xal qalmadı”
mahnısının müəllifidir.