Azərbaycan himni ilə bağlı saytımızda yayımlanan mübahisəli mətndən sonra ÇıxışYolu.Com redaksiyasına Camo bəy Cəbrayılbəylinin nəvəsi müraciət edib.
Cəbrayılbəylinin nəvəsi – Azər Mustafayev Azərbaycan himninin yazılmasının tarixindən danışıb və babasının müəllifliyi ilə bağlı bəzi sübutlar təqdim edib.
Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində – Azərbaycan müstəqil olduğu zaman himn məsələsi gündəmə gəlib. SSRİ himninin saxlanılması və ya ADR himninin bərpası ətrafında müzakirələr başlayıb.
ADR-in himnini təsdiq etmək məqamı gələndə başqa problem ortaya çıxıb. Çətinlik himnin müəlliflik hüququ ilə bağlı olub, belə ki, bir çoxlarının bu mübahisədən xəbəri olub.
“Bizim ailəmiz mənim babamın müəlliflik hüquqlarını qorumağa çalışırdı. Ancaq bütün cəhdlərimizə baxmayaraq, himnin müəllifi kimi Əhməd Cavad göstərilib.
Biz uzun müddət tarixi ədaləti bərpa etməyə çalışdıq. Mənim bibilərim müxtəlif verilişlərə çıxaraq, sübutları göstərirdilər”, – o deyib.
O əlavə edib ki, yavaş-yavaş bu mövzu tamamilə bağlanıb.
“Sizin məqalənizdən sonra hər şey yenidən başladı. Buna görə sizə təşəkkür edirəm. Mənə də bu yazıdan sonra çoxlu zənglər daxil oldu.
Ancaq bir əsas faktı diqqətə çatdırmaq lazımdır. Camo bəy barədə məqalələrdə qeyri-dəqiqlik var.
(Azər Mustafayevin şəxsi arxivindən foto)
İş burasındadır ki, o dövrdə Azərbaycanda iki Camo bəy vardı – Hacınski və Cəbrayılbəyli. Çoxları onları səhv salır.
Azərbaycan himninin müəllifliyi ilə bağlı aparılan müzakirələrdə də gah Hacınskinin, gah da Cəbrayılbəylinin adları çəkilir”, – A.Mustafayev əlavə edib.
“Azərbaycan himninin əsas müəllifi mənim babam Camo bəy Cəbrayılbəylidir. Məndə bu faktı sübut edəcək qədim sənədlər və əlyazmalar var”, – Mustafayev qeyd edib.
(Azər Mustafayevin şəxsi arxivindən foto)
Camo bəy Cəbrayılbəyli (1887-1965) pedaqoq, maarifçi, ədəbiyyatşünas və şair olub.
XX əsrin əvvəllərində tale onu Şamaxıdan olan söz yaradıcıları ilə qarşılaşdırıb: Mirzə Ələkbər Sabir, Abbas Səhhət məşhur satirik şairin yaxın dostları olub.
(Azər Mustafayevin şəxsi arxivindən foto)
Biz Camo bəy Hacinskinin nəvəsini tapmağa müvəffəq olmuşuq.
O, tarix elmləri doktoru, dosent Emin Hacınskidir. Hacınski suallarımıza nəzakətlə cavab verib.
Onun sözlərinə görə, bu fakt çox ciddidir və sevindirici haldır ki, bu məsələ dövlət səviyyəsində müzakirə edilir.
“Əgər bu məsələ Azərbaycan parlamentində müzakirəyə çıxarılıbsa, mənim fikrim belədir: Mən Hacınskinin doğma nəvəsi kimi rəsmi olaraq bəyan edirəm ki, mənim babam heç vaxt şeirlər yazmayıb. Bununla bağlı mənə nənəm və valideynlərim məlumat verib. Onlar bizə babam haqqında çoxlu məlumatlar veriblər.
Onda poeziyaya həvəs yox idi. Mən düşünürəm ki, əsas ədalətin zəfər çalmasıdır”, – o qeyd edib.
(Emin Hacınskinin şəxsi arxivindən foto)
Camo bəy Hacınski Azərbaycan Müsəlman Cəmiyyətinin, Qədim Abidələrinin Mühafizəsi Cəmiyyətinin, Arxeoloqlar Cəmiyyətinin üzvü olub, qəzet və jurnallarda yazılarla çıxış edib.
1917-ci ilin iyulunda o, Kəndli Deputatların İcraiyyə Komitəsinin sədr müavini seçilib.
Zaqafqaziya Komissarlığının, Zaqafqaziya Seyminin və Azərbaycan Milli Məclisinin üzvü olub.
1918-ci il mayın 28-də Milli Məclisin digər üzvləri kimi, Azərbaycanın müstəqilliyi ilə bağlı bəyannaməni imzalayıb. O, fransız, ingilis, ərəb və fars dillərini mükəmməl bilib.
“Çoxları o zamanlar mənim babamı himnin müəllifi kimi təqdim edirdilər. Ancaq himnin müəllifi Hacınski deyil, Cəbrayılbəylidir.
Hacınski Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Cəbrayılbəyli isə gözəl şairi idi”, – Emin Hacınski vurğulayıb.
Əli Məmmədov
www.ÇıxışYolu.Com