9e53c3aa-7690-4e90-9145-e88286d590c6..jpg

Cari ildə fəaliyyəti ilə seçilən biznes subyektlərinə KOBİA tərəfindən “Dayaq” mükafatı təqdim edilib – FOTO

Baxış sayı: 607 dəfə baxılıb.

Cari ildə fəaliyyəti ilə seçilən biznes subyektlərinə KOBİA tərəfindən “Dayaq”
mükafatı təqdim edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq iki
ildir ki, özəl bölmənin təmsilçilərinə “Dayaq” mükafatı təqdim edilir. Kiçik və
Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təsis edilmiş “Dayaq”
mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən,
ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla
onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları
ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət
və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna
daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun
göstəricisidir.

2023-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün dekabrın
28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir
keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin,
sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə
keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və
ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin
bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin sədri Tahir Mirkişili və Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər.
Çıxışlarda 2023-cü il ərzində ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə
əldə olunmuş uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti
illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat verilib.

Tədbirdə 2023-cü ildə uğur qazanmış 14 sahibkara dövlət qurumlarının rəhbər
şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı təqdim edilib.
Sahibkarlar “Uğurlu istehsalçı”, “Əlillik məhdudiyyət deyil”, “Turizm”, “Fəal
xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Təmiz ətraf mühit və yaşıl artım”,
“Uğurlu fermer”, “Made in Azerbaijan” brendi altında fəal marketinq fəaliyyəti,
“Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “Yaradıcılıq sənayesinin təşviqində
uğurlu biznes”, “Uşaqların uğurlu biznes təhsili layihəsi”, işğaldan azad
edilmiş ərazilərdə uğurlu biznes fəaliyyəti nominasiyaları üzrə
mükafatlandırılıblar.

Həmçinin KOBİA tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Qarabağ
KOB-larının səmərəli dəstəklənməsi”, Dövlət Gömrük Komitəsi isə “G2B
xidmətlərinin səmərəli təşkili” nominasiyaları üzrə mükafata layiq görülüblər.

Tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri
üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş
4-cü qrant müsabiqəsinin 19 qalibinə qrant mükafatları təqdim olunub.

Tədbir mədəni proqramla başa çatıb.

Tədbir “Kapital Bank”, Kiçik və Orta Biznes Subyektləri və Klublarının
Assosiasiyası (KOBSKA), “İnkişaf Koorporasiyası”, “Green stream” və “BEK
generator”un dəstəyi ilə baş tutub.

Qeyd edək ki, iqtisadi inkişafın lokomotivi olan sahibkarların dayanıqlı və
davamlı iqtisadi inkişafın təmin edilməsində, məşğulluqda rolu böyükdür.
Hazırda Azərbaycanda özəl bölmənin ÜDM-də payı 86%-ə, məşğulluqda isə 78%-ə
yaxındır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərən
bizneslərin mütləq əksəriyyətini – 99,6%-ni mikro, kiçik və orta biznes
subyektləri təşkil edir. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq
edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il
ərzində KOB subyektlərinin sayı 54%-dən çox artaraq 378 minə yaxınlaşıb. Bu
dövr ərzində KOB-ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 27,2%-ə çatıb.

Source link