Xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Mirhafiz
Cəfərzadənin
cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
keçirilən sonuncu iclasda hökm oxunub.
Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki,
təqsirləndirilən şəxsə elan edilmiş ittiham kifayət qədər dəlil və sübut,
həmçinin şahid ifadələri ilə öz təsdiqini tapıb.
Hökmə əsasən, M.Cəfərzadə casusluq formasında dövlətə xəyanətdə təqsirli
bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İş materiallarından görünür ki, Mirhafiz Cəfərzadənin əməlləri Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluqla mübarizə tədbirləri
zəminində əməliyyat-istintaq hərəkətləri həyata keçirilən zaman üzə çıxıb.
Müəyyən edilib ki, Mirhafiz Mirisaq oğlu Cəfərzadə xarici xüsusi xidmət
orqanları ilə məxfi əməkdaşlıq edərək Azərbaycanın dövlət təhlükəsizliyi və
müdafiə qabiliyyətinin zərərinə verilmiş tapşırıqların yerinə yetirilməsi
istiqamətində fəaliyyət göstərmiş, hərbi təyinatlı obyektlərin yerləşdiyi
əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram”
tətbiqi sistemi vasitəsilə göndərib.
Qeyd olunan əməllərinə görə, M.Cəfərzadə istintaqa cəlb edilib və ona qarşı
Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.