Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib.
S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib.
S.Əhmədova qeyd edib ki, ümumilikdə hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə kəskin respirator virus infeksiylarına yoluxma qeydə alınsa da, bu halların sayı ötən illə müqayisədə təqribən 10 faiz azalıb.
İndiyədək Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı da qrip virusları aşkarlanmayıb:
“Hələlik ölkəmizdə Rusiyadan və digər ölkələrdən gətirilmə qrip aşkarlanmayıb. Ancaq yaxşı olar ki, insanlar mövsüm ərzində xəstəliklərin yayıldığı ərazilərə səfər edərkən ehtiyatlı davransınlar. Özlərində şübhəli əlamətlər gördükdə vaxtında müvafiq tibb müəssisələrinə müraciət etsinlər”.
Qeyd edək ki, Rusiyanın Kuzbas bölgəsində 26 orta məktəb, Ural bölgəsinin Ozersk şəhərində isə bütün məktəblər bağlanılıb. Uşaq bağçalarında isə valideynlərə öz uşaqlarını mümkün qədər bağçaya gətirməməsi tapşırılıb.
Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev də bildirmişdi ki, kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.
Ətraflı