Bakı sakinləri hansı tatulara üstünlük verirlər? – REPORTAJ

Bakı sakinləri hansı tatulara üstünlük verirlər? – REPORTAJ

Döymə ənənəsi çox qədimdir. Mumiyalar əsasında qədim Misirdə tatunun olması məlum olub. Qədim yunanlılar və romalılar tatunu günahkarlar və kölələrə ediblər.

Ötən dövr ərzində insanın bədəninə döyülən rəsmlər mistik mənasını itirərək incəsənətin bir növünə çevrilib. Lakin bu incəsənətdə kətan əvəzinə insan dərisi, fırça və karandaş əvəzinə isə iynələr istifadə olunur.

Azərbaycanda tatulara münasibət fərqli olub. Sovet işğalından öncə həm qadınlar, həm də kişilərdə tatuya rast gəlmək mümkün idi. Nəsilləri göstərmək üçün üzə müxtəlif ornamentlər vurulurdu. 

Bolşeviklər hakimiyyətə gələndən sonra tatu qadağa olundu. Uzun müddət tatu kriminal aləmin atributu hesab edildi.  Hətta sovetlərə qarşı simvollar daşıyan tatulara görə həbs cəzası var idi. 

Döymə hərbi sistemdə də geniş yayılıb, ancaq bununla kəskin mübarizə aparılıb.

İnsanın dərisindən tatunun soyulması faktlarına da rast gəlinib.

XX əsrin sonlarından etibarən ölkəmizdə döyməyə qoyulan qadağa tədricən aradan qalxıb və submədəniyyəti (əksəriyyətin akademik mədəniyyətindən fərqlənən modern mədəniyyət, həmçinin bu mədəniyyətin daşıyıcıları) göstərən bir elementə çevrilib. Bu sahədə ölkəmizdə artıq industriya yaradılıb, ölkəmizdə tatu studiyalarının sayı çoxalıb, tatu ustalarının peşəkarlığı artıb. 

Tatu bu gün müasir mədəniyyətin göstəricisinə çevrilib.

ÇıxışYolu.Com Bakının ən tanınmış tatu ustası Telman Eyzamoğlu ilə tatunun incəlikləri barədə söhbətləşib.

O, bizimlə söhbətində bildirib ki, ölkəmizdə tatu etdirənlərin sayı əvvəlki illərə nisbətən artıb: 

“Ən müsbət hal odur ki, insanlar hazırlıqlı gəlirlər. Yəni vurdurmaq istədikləri döyməni öncədən müəyyənləşdirirlər.

Əvvəllər kimdəsə gördükləri rəsmi istəyirdilər, indi isə vəziyyət bir qədər dəyişib. Özünəməxsus detallara üstünlük verirlər”. 

Tatuda son tendensiyalar

“Bir dönəm əksəriyyət çin heroqlifləri, yaxud “trabl”lar istəyirdilər. Bəzən bunun köhnə dəb olduğunu izah edib, müştərini inandırmağa nail oluruq. 

Get-gedə rəngli döymələrə maraq artır. Qadınlar daha çox mandala janrında tatulara üstünlük verirlər, yəni hər hansı bir şəkilin naxış formasında işlənilməsi. 

Bəzi qadınlar əməliyyatların, yaxud çapıqların üstünü örtmək üçün döymələr vurdururlar. Misal üçün, sakura güllərindən istifadə edirlər, bu daha rahatdır, tam tikişin üstündən budaq gedir, qalan yerlər güllərlə bəzədilir. 

Kişilər güclü canlıların rəsmlərinə, pələng, şir, əjdaha, ayı və başqalarına, yaxud klassik ornamentlərdən biomexanika və “old school” janrına üstünlük verirlər.

3D döymələrə maraq yavaş-yavaş artır. Hərdən müştərilər hesab edir ki, hər şəkli 3D etmək olar. Ancaq bu, mümkün deyil, kiçik bir rəsmi 3D formaya salmaq olmur”.

Eyzamoğlu onu təsirləndirən işlərdən də danışıb:

“Çox sevdiyim bir adam vardı, dünyasını dəyişdi, onun nəvəsi gəldi və babasının aldığı medalı öz sinəsinə döydürdü”. 

Güləşçi dostumuz var – Cəlal Süleymanov. O, beynəlxalq yarışmada qalib oldu. Bayrağımızı qaldırdı, mən də ona hədiyyə olaraq maraqlı tatu etdim”.

Qadağan olunan tatular

“Biz tatuya incəsənət kimi baxırıq. Kriminal və siyası döymələrdən imtina etməyə çalışırıq, çünki bizim işimiz tamam başqadır – incəsənətdir”. 

Eyzamoğlu ilk dəfə tatu etdirmək istəyənlərə məsləhətlər verib.

“Qəfil qərar verməsinlər, bir az fikirləşsinlər, bir kağıza çıxarıb baxsınlar və dəyərləndirsinlər. Nə istədiklərini bilsinlər.

Tanımadığım adam gəlib deyir ki, tatu istəyirəm, nə məsləhət görərsiniz? Hər insanın xarakterini bilmədiyim üçün belə situasiyalarda qərar vermək çətin olur.

Müvəqqəti tatu yoxdur, xına ilə işləmə var.

Daha bir vacib məqam gigiyenadır. Hansı ustanın yanına getmələrindən asılı olmayaraq, bu məqama fikir versinlər.

Döymələr vurulduqdan sonra insan arıqlayır, yaxud kökəlirsə, tatu bir az dəyişilir. İnsan simmetrik tatu istəyirsə, bədəni dəyişdikcə tatu da dəyişəcək”.

Yalançı tatu ustaları

“Bakıda tatu ustalarından çox, tatu maşını olanların sayı çoxalıb. Onlar başqa ustaların işlərini götürüb istifadə edirlər. Nə gigiyenaya fikir verilir, nə başqa bir məqama. İnsalar bilməlidir ki, infeksiya tək iynədən keçmir, boyadan, aparatın özündən də yayılır. Döyməni dəyişib üstünə nəsə vurmaq olar, lakin xəstəliyə düzəliş etmək olmur”, – T. Eyzamoğlu əlavə edib.

Döymənin ağrıları və qiyməti

Ustanın sözlərinə görə, döymə vurdurmaq ağrılı proses deyil:

“Lakin ağrılar individualdır. Biri üçün çox ağrılı olan işlər, başqası üçün ağrısızdır. İnsan ağrı hiss etmək istəmirsə, ağrıkəsici kremlərdən istifadə etmək olar”.  

Usta tatunun qiymətləri ilə bağlı bunları deyib:

“Qiymətləri konkret demək olmur, çünki eskizə, ölçüsüyə, bədənin hansı hissəsinə vurulacağına baxılmalıdır”. 

Elvin Əhmədov
Foto: Ehtiram Jabi
www.ÇıxışYolu.Com

Ətraflı
ABŞ-da daha bir Konqres üzvü Xocalı ilə bağlı bəyanat verdi

ABŞ-da daha bir Konqres üzvü Xocalı ilə bağlı bəyanat verdi

ABŞ Konqresində Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.

ÇıxışYolu.Com AZƏRTAC-a istinadən xəbər verir ki, konqres üzvü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərin, o cümlədən qadın, uşaq və qocalar daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq, bu insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.

V.Foks Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək, onun beynəlxalq terrorizmə qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu, eləcə də, regional iqtisadi inkişafa töhfə verdiyini və “Yeni İpək yolu”nun bərpasında səylər göstərdiyini vurğulayıb.

Sonda Konqres üzvü Xocalı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan xalqına başsağlığı verib.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda bayram yarmarkaları açılır

Bakıda bayram yarmarkaları açılır

Yaxın günlərdə Bakıda Novruz bayramı ilə bağlı yarmarkalar fəaliyyətə başlayacaq.

Bunu ÇıxışYolu.Com-a Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, artıq beş yerdə – “Gənclik”, “Nərimanov”, “28 May”, “İnşaatçılar” və “Koroğlu” metrostansiyalarının yaxınlığında belə çadırlar quraşdırılır:

“Yaxın günlərdə daha beş yerdə bayram yarmarkaları üçün çadırların quraşdırılması nəzərdə tutulur”.

Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

O vurğulayıb ki, yarmarkalarda Novruz bayramına aid meyvə, tərəvəz və məhsulların satışı gözlənilir. 

Qeyd edək ki, yarmarkalar martın 25-dək davam edəcək.

Elvin Əhmədov
www.ÇıxışYolu.Com

Ətraflı
Şirvanda vergi ödəməyən şəxslərin əmlakı satışa çıxarılıb

Şirvanda vergi ödəməyən şəxslərin əmlakı satışa çıxarılıb

Vergilər Nazirliyi vergi borcuna görə Şirvan şəhərində yerləşən iki vergi ödəyicisinə məxsus üç əmlakı hərraca çıxarıb.

Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, vergi ödəyicisi Bayramov Hüseyn Yadulla oğluna məxsus Şirvan şəhərində, Xəqani küçəsi 367 ünvanında yerləşən bağ evinə 41 min manat qiymət qoyulub. 

İlkin hərracda satılmadığından əmlakın dəyəri 10% aşağı salınıb. Bu səbəbdən hərracda iştirak etmək istəyənlər əmlaka görə müvafiq olaraq 3690 manat beh verməlidir.

Bundan başqa, vergi ödəyicisi Kərimov Əlirza Abuzər oğluna məxsus iki əmlak vergi borcuna görə hərraca çıxarılıb. Ə.Kərimovun Şirvan şəhərində, H. Əliyev prospekti 1/8 ünvanında yerləşən ümumi sahəsi 102,4 kvadratmetr olan qeyri-yaşayış sahəsinə 45 min manat və M.Ə. Rəsulzadə küçəsi ev. 9, 42 saylı mənzilə 20 min  manat qiymət qoyulub.

Hər iki əmlak ikinci dəfə hərraca çıxarıldığından hərracda iştirak etmək istəyənlər əmlaklara görə müvafiq olaraq 4050 və 1800 manat beh verməlidir.

.
www.ÇıxışYolu.Com

Ətraflı
İcra başçılarının müavinlərinə – GÜZƏŞT

İcra başçılarının müavinlərinə – GÜZƏŞT

Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Formasına əlavənin cədvəlində dəyişikliklər edilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.

ww.Azpress.news

Ətraflı
Rəsmi Bakı Suriya erməniləri ilə bağlı narahatlıq ifadə etdi

Rəsmi Bakı Suriya erməniləri ilə bağlı narahatlıq ifadə etdi

BMT-nin Cenevrə bölməsinə rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ilə görüşüb.

ÇıxışYolu.Com xəbər verir ki, nazir Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın, eləcədə təşkilatla ölkəmizin əməkdaşlığının cari durumunu yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüş zamanı nazir Elmar Məmmədyarov Ermənistanın işğalından azad edilmiş və 2016-cı ilin aprelin etibarən təhlükəsizliyi təmin edilmiş Cocuq Mərcanlı kəndində aparılan tikinti işləri və məcburi köçkünlərin ora geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən sosial təyinatlı işlərin bundan sonra da davam etdiriləcəyini xüsusilə qeyd edib.

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişi barədə ətraflı məlumat verib. O əlavə edib ki, hər iki ölkədə seçkilərdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişənin həlli üzrə substantiv və nəticə yönümlü danışıqlar davam etdiriləcək. Nazir işğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsi faktına toxunaraq, bu məsələyə beynəlxalq qurumların və dünya ictimaiyyətinin ciddi diqqət yetirməsinin vacibliyini bildirib.

F.Qrandi BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi və ölkəmizin sözügedən təşkilata könüllü ianələrini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Məmmədyarov azərbaycanlı əsirlərin azad olunmasını müzakirə etdi

Məmmədyarov azərbaycanlı əsirlərin azad olunmasını müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.

ÇıxışYolu.Com xəbər verir ki, görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xüsusda, BQXK tərəfindən Azərbaycana göstərilmiş dəstək və yardımlar yüksək qiymətləndirilərək Komitənin ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olduğu diqqətə çatdırılıb.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini diqqətə çatdırıb. Nazir Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi, Suriyadan olan ermənilərin həmin ərazilərdə yerləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirməklə beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb.

Həmçinin, BQXK-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə zonasının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi humanitar dəstəyi, eyni zamanda itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması kimi fəaliyyəti təqdir olunaraq gələcəkdə səmərəli qarşılıqlı əməkdaşlıq çərçivəsində bu kimi səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Sabah paytaxtın bir hissəsi qazsız qalacaq

Sabah paytaxtın bir hissəsi qazsız qalacaq

Sabah səhər saatlarından Bakı şəhər Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

Azəriqaz İB-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidənqurulması, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni tikilmiş yaşayış binasına təbii qazın verilməsi məqsədi ilə Nizami rayonu, Mikayıl Əliyev küçəsində Azəriqaz İB-nin Təmir Tikinti idarəsi tərəfindən diametri 377 mm-lik yeraltı qaz xəttinin istismardan çıxarılması və yeni çəkilmiş 1500 metr diametri 530mm-lik qaz kəmərinin şəbəkəyə qoşulması, həmçinin Xətai rayonu Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi, eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57,76 və 89mm-lik xəttlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, fevralın 28-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda narkoman qadınların sayı açıqlanıb

Azərbaycanda narkoman qadınların sayı açıqlanıb

Azərbaycanda rəsmi qeydiyyata alınan narkotik maddə alüdəçisi olan qadınların sayı azalıb.

Səhiyyə Nazirliyindən ÇıxışYolu.Com-a bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı 612-si, 2017-ci ildə isə 595-i qadın olub.

Ötən il yeni qeydiyyata alınan 2.115 (2016-cı ildə 2.142) narkoman qadınların 26-sı (2016-cı ildə 29-u) qadın olub.

Ümumən narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.

Nazirlikdən bildirilib ki, qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti iki aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez sürətlə qurşanırlar.

Ülvi Kərimov
www.ÇıxışYolu.Com

Ətraflı
Prezident: Azərbaycan sərmayə qoyuluşu üçün əlverişli məkandır

Prezident: Azərbaycan sərmayə qoyuluşu üçün əlverişli məkandır

Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları var. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu ölkə prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında deyib.

O, qeyd edib ki, Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə:

“Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. 

Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.
Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir.

Bu iki fabrik bu gün istifadəyə verilir. Beləliklə, onların sayı səkkizə qalxır və altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaq. Yəni, bu müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq”.

Prezident həmçinin bildirib ki, bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür:

“Eyni zamanda, bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. 

Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur.

Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.

Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. 

Özəl sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı – Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsini görürük və beləliklə, Mingəçevir dediyim kimi, Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir.

Bu, hələ başlanğıcdır. Bu iki fabrikin işə düşməsi əminəm ki, yeni fabriklərin yaranmasına təkan verəcək və planlar da var. 2016-cı ildə göstərilən təqdimatda bildirilmişdi ki, yeni fabriklərin yaranması nəzərdə tutulur. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaq…”

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 752 3. 753 3. 754 3. 755 3. 756 3. 765