Xocalıya həsr olunan “Qarabağın səsi” adlı tədbir keçirilib – FOTO

Xocalıya həsr olunan “Qarabağın səsi” adlı tədbir keçirilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Qarabağın səsi” adlı rəsm əsərlərinin sərgisi və ədəbi-bədii tədbir keçirilib.

ÇıxışYolu.Com-in məlumatına görə, tədbirdə Xocalı soyqırımının şahidləri, Prezident Administrasiyasının şöbə müdirləri, müxtəlif dövlət orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış ictimai və siyasi, mədəniyyət və incəsənət xadimləri, Olimpiya çempionları, “ASAN xidmət” əməkdaşları, KİV, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, “Qarabağın səsi” aksiyasına qısa müddət ərzində 300-dən çox əsər qəbul olunub. Tanınmış mədəniyyət və incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən bu il fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Qarabağın səsi” aksiyasına təqdim olunan rəsm əsərlərinin seçim mərhələsi keçirilib.

Sərgidə iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb. İştirakçıların ən kiçiyinin 4 yaşı var. Seçim mərhələsinə həm qeyri-peşəkar, həm peşəkar rəssamlar əsərlərini təqdim ediblər. Nəinki ölkə daxilindən, hətta Rusiya, Türkiyə, İsveç və İsraildən bu mövzu ilə bağlı əsərlər göndərilib.

DTX-nin Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş bügünkü tədbir “Qarabağın səsi” aksiyasına qoşulan və münsiflər heyəti tərəfindən seçilən ən təsirli və diqqəti cəlb edən əsərlərin sərgisi ilə başlanıb.

Sərgidə, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmin ərazilərdə dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və yaşlı insanlara qarşı ağlasığmaz vəhşiliklərini və hərbi cinayətlərini, xüsusilə törətdiyi Xocalı soyqırımına dair fakt və sübutları özündə əks etdirən kitablar, sənədli filmlər və digər əyani vəsaitlər təqdim olunub.

Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına “Qarabağın səsi” aksiyası layihəsinin gənc və istedadlı yaradıcı kollektivi tərəfindən Azərbaycanın tanınmış incəsənət xadimlərinin də iştirak etdikləri Xocalı soyqırımı ilə bağlı hazırlanmış çox təsirli və zəngin ədəbi-bədii proqram təqdim edilib. Tədbirdə Leyla Əliyevanın 2 yaşlı şəhid Zəhraya həsr etdiyi şeirlər də səsləndirilib.

Xocalı soyqırımının şahidi Rəhilə Quliyeva çıxış edərək xalqımızın qan yaddaşının qorunması, məruz qaldığı müdhiş faciələrin dünyaya çatdırılması istiqamətində bu cür davamlı tədbirlərin və aksiyaların keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya erməni işğalının və vəhşiliklərinin qurbanları, o cümlədən bütün xocalılılar adından minnətdarlığını bildirib.

Sonra Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq “Dərdimi çəkirəm” filmi nümayiş olunub.

www.ÇıxışYolu.Com

Ətraflı
Ağdamda yerli sakinin avtomobilində at əti aşkarlandı – FOTO

Ağdamda yerli sakinin avtomobilində at əti aşkarlandı – FOTO

Fevralın 24-də Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “VAZ 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış bir baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən ÇıxışYolu.Com-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları avtomobilin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunət iyi verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

At cəmdəyi müayinələr başa çatana kimi müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib.

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Fevralın 24-ü saat 14:00-a olan məlumata əsasən elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I siniflərinə qəbul üçün 30 mindən çox sorğu yerləşdirilib.

Onlardan 29 minə yaxını ümumi təhsil məktəblərini, 2 minə yaxını isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu proqnozunun təxminən 60 faizindən çoxdur.

Bu barədə ÇıxışYolu.Com-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.  

Məlumatda bildirilir ki, bu il ilk dəfə olaraq, məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib.

Belə ki, məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb. Odur ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynləri rahat ola bilərlər.

Həmin valideynlərin məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən I sinfə qəbul üzrə sorğu yerləşdirməsinə ehtiyac yoxdur.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezidentin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I siniflərə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.

Onu da qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılacaq. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start veriləcək.

www.ÇıxışYolu.Com

Ətraflı
Tacikistan prezidenti Azərbaycana gəlir

Tacikistan prezidenti Azərbaycana gəlir

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

ÇıxışYolu.Com Trend-ə istinadən xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

“Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq”.
Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.

www.ÇıxışYolu.Com

Ətraflı
Azərbaycanda 560 minə yaxın şəxsin sosial müavinəti artırılır

Azərbaycanda 560 minə yaxın şəxsin sosial müavinəti artırılır

Azərbaycan Prezidenti İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” fevralın 23-də imzaladığı sərəncamlar sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Şöbə müdirinin sözlərinə görə, hər üç sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana şamil olunacaq.

E. Babayev qeyd edib ki, sosial müavinətlərə müvafiq artımın təmin edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon manata, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılması təmin olunacaq.

www.ÇıxışYolu.Com

Ətraflı
Xalq Əmanəti: Dədə Qorquddan günümüzədək

Xalq Əmanəti: Dədə Qorquddan günümüzədək

“Xalq Əmanəti” layihəsi çərçivəsində ASC Xalq Bankı “Aşıq Ədəbiyyatı Ant Fevral ayının 23-də Xalq Bankın əsas binasında yerləşən bədii qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunmuş üçcildlik “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun təqdimatı keçirildi.

Azərbaycan xalqının mədəni irsinin sütunlarından biri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub.

Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri – “Aşıq Ədəbiyyatı Antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir.

Ölkənin görkəmli elm və sənət xadimlərinin iştirakı ilə keçirilən təqdimatı giriş sözü ilə Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov açdı. O, antologiyanı Azərbaycan xalqının mədəniyyətini anlamaq və öyrənmək üçün səmərəli və vacib vəsait olduğunu vurğuladı.

Tədbirdə iştirak edən qonaqlar, görkəmli ziyalılar “Xalq Əmanəti” layihəsinin əhəmiyyətindən danışdılar, təqdim edilən antologiyanın nəşrini böyük uğur və ədəbiyyatımıza, ümumilikdə Azərbaycan mədəniyyətinə töhfə verəcək hadisə adlandırdılar.

“Aşıq haqq aşığıdır”, “aşıq el anasıdır”, “aşığa zaval yoxdur”, “aşığın dilinə yasaq yoxdur”, “aşığın sözü haqq sözüdür”, “aşıq gördüyünü çağırar” kimi daşlaşmış el kəlamlarından aşığın cəmiyyətdə, el-oba arasında nə qədər böyük tarixi status, mötəbər mövqe daşıdığı aydın görünməkdədir.

Əlbəttə, belə yüksək ehtiramın çeşidli səbəbləri vardır. Burada  xalqın tarixi-mədəni yaddaşını qoruyub daşımaqdan tutmuş, zəngin həyat təcrübəsindən gələn müdrik kəlamlarla, hikmətamiz ustadnamələrlə çevrədəkilərin mənəvi tələbatını ödəmək, lirik-aşiqanə qoşma-gəraylılarla gözəllik və məhəbbət zövqü aşılamaq kimi çoxsaylı amillər əsas rol oynamışdır.

Aşıq xalqın ruhunu, mənəvi varlığını dərindən bildiyi və məhz xalqın ürəyindən keçənləri dilə gətirdiyi üçün xalq onu el anası adlandırmışdır. El anası olan aşıq elin-xalqın psixologiyasını, əxlaq qanunlarını, yüzillərin sınağından keçmiş mənəvi dəyərlərini, həyat təcrübəsindən doğan müdrik düşüncələrini özünün düzüb qoşduğu şeirlərdə elə bir ölçü-biçiylə, poetik mizan içərisində təqdim etmişdir ki, xalq həmin sözləri ustad kəlamı, ustad sözü – ustadnamə sayaraq dilinin əzbərinə çevirmişdir.

Yüzillər boyunca xalqın həyat tərzinin, duyum və düşüncə biçiminin əsas axarını bahadırlıq, cəngavərlik təşkil etdiyindən etnik-mənəvi sistemin güzgüsü olan folklorda, o cümlədən də dastançılıq ənənəsində qəhrəmanlıq motivinin geniş və qabarıq yer alması təbii-tarixi zərurətdən irəli gəlmişdir.

Alplıq – bahadırlıq təbliğ-tərənnüm edən nəhəng oğuznamə silsiləsindən (mərkəzdə «Kitabi-Dədə Qorqud» boyları olmaqla!) «Koroğlu» eposuna, qaçaq dastanlarınacan öz aparıcı mövqeyini qoruyub saxlayan qəhrəmanlıq motivi qədim türk-oğuz cəmiyyətindəki yaşamaq, mövcud olmaq təsəvvürünün sonrakı tarixi dövrlərə etnik-irsi daşıyıcısı funksiyasını yerinə yetirmişdir.

Dastan təfəkkürü istisnasız olaraq bahadırlıq düşüncəsinin obrazlaşdırılmasına yönəldiyindən həmin mərhələyə məxsus epik ənənənin özəyində qəhrəmanlıq motivi və bu motivin ifadəsi olan çeşidli qəhrəmanlıq süjetləri durur.

Sonrakı tarixi dövrlərdə epik düşüncədə lirik təmayül də müəyyən yer tutmağa başlayır, bu zaman məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan, bir növ hər iki motivin qovuşuğunu əks etdirən dastanlar ortaya çıxır.

Epik ənənədə lirik təmayülün güclənməsi sırf məhəbbət motivinə bağlı dastanların meydana gəlməsi ilə də nəticələnir. Orta çağ aşıq ədəbiyyatı məhəbbətin gerçək və simvolik – fəlsəfi-ürfani anlamlarını qovuşuğa gətirərək özünəməxsus sənət keyfiyyətlərinə malik məhəbbət dastanları ortaya çıxardı. Məhəbbət dastanları spesifik süjet və kompozisiya tərkibinə malik olan orijinal epik folklor örnəkləridir.

Aşıq poeziyamızın, eləcə də dastanlarımızın diqqət çəkən bir  özəlliyi də saz-söz yaddaşında vətən coğrafiyasının, tarixi mahal və yurdlarımızın, müqəd-dəs, ulu torpaqlarımızın sıx-sıx yer almasıdır.

Dastan qəhrəmanları Təbrizdən, İrəvandan, Dərbənddən, Gəncədən, Qarabağdan, Qaradağdan, Naxçıvandan, Tiflis-Borçalıdan, Çıldır-Ağbabadan, Göyçədən, Şirvandan, Muğandan, Urmiyadan, Zəncandan, Qarsdan, Səlmasdan, Mərənddən, Marağadan hərəkətlənib yaxın-uzaq elləri  dolaşırlar.

Yüzilliklərdən daşınıb gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqdır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır.

Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir.

Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görmüşdür.

www.ÇıxışYolu.Com

Ətraflı
Deputat: Əfv ərizələrinin əksəriyyəti yol qəzalarına aid müraciətlərdir

Deputat: Əfv ərizələrinin əksəriyyəti yol qəzalarına aid müraciətlərdir

Hesab edirəm ki, “Yol hərəkəti haqqında” qanuna edilən son dəyişikliklər çox mühüm və aktualdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu millət vəkili Elmira Axundova deyib.

O, qeyd edib ki,  xüsusilə də, mövcud qanunun 1-ci, əsas anlayışlar maddəsinə edilən dəyişiklik, yəni,  “piyadalar” sözünün əlavə edilməsi çox önəmlidir:

 “Çünki bilirik ki, bir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur.

Bu günlərdə Əfv Komissiyasının iclası keçirildi və inanın ki, əfv ərizələrinin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edirdi. Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil.

Ona görə hesab edirəm ki, gələcəkdə qanuna növbəti dəyişikliklər edilərkən, piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir”.

Millət vəkilinin dediyinə görə, ikinci tərəfdən bu dəyişikliklərdə müsbət məqam yük avtomobillərinin və avtobusların nəzarət qurğusu “taxoqraf” haqqındadır:

“Düşünürəm ki, bu da çox mühüm bir dəyişiklikdir. Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması vəzifəsini daşıyacaq. Bir məsələni də nəzərinizə çatdırım ki, “Yol hərəkəti haqqında” qanuna gələcəkdə bir mühüm dəyişiklik etmək də yerinə düşərdi. Bildiyimiz kimi son zamanlar, yol hərəkəti təhlükəsizliyini təmin edən tədbirlərə baxmayaraq sərnişin avtobusları ilə törədilən qəzalar artmaqda və çox ağır nəticələr yaşanmaqdadır.

Dövlət orqanları tərəfindən keçirilən reydlər zamanı aydın olur ki, özəl sərnişin daşıma şirkətlərinin marşurutlarını idarə edən şəxslər bəzən sürücülük vəsiqəsi olmadan avtobusları idarə edirlər.

Məncə, belə sürücüləri xəttə buraxmaq, buna göz yummaq çox ağır cinayətdir. Burada onlarla, hətta yüzlərlə insan həyatından söz gedir, biz bu qədər insan həyatının təhlükəyə atılmasına biganə qalmamalıyıq. Düşünürəm ki, belə hərəkətlərə görə məsuliyyət artırılmalı, nəzarət və cəza tədbirləri gücləndirilməlidir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Sinoptiklər Bakıda 11 dərəcə isti vəd edirlər

Sinoptiklər Bakıda 11 dərəcə isti vəd edirlər

Fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Bu barədə ÇıxışYolu.Com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
 
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

www.ÇıxışYolu.Com

Ətraflı
Millət vəkilindən Türkiyəyə dəstəklə bağlı ATƏT-ə çağırış

Millət vəkilindən Türkiyəyə dəstəklə bağlı ATƏT-ə çağırış

Türkiyənin Suriya ərazisindən gələn terrora qarşı mübarizəsini tam dəstəkləmək lazımdır.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun Siyasi məsələlər və təhlükəsizlik komitəsi, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsi və Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin birgə iclasında deyib.

 “Təəssüf ki, çox zaman terrorçuların bəzi dövlətlər və siyasi dairələr tərəfindən maddi dəstəklə təmin olunması, hətta terroristlərə siyasi sığınacaq hüququnun tanınması və onlara “azadlıq mübarizləri” adının belə verilməsi hallarına rast gəlinir”- deyən millət vəkili bildirib ki, bu gün Türkiyə ölkənin təhlükəsizliyi və ərazi bütövlüyünə təhlükə törədən terrorizmə qarşı təkbaşına mübarizə aparır:

“Türkiyənin Suriya ərazisindən gələn terrora qarşı mübarizəsini tam dəstəkləmək lazımdır. Əgər Yaxın Şərqdə terrorizm və etnik separatizm qələbə qazanarsa, bu, öz növbəsində, Avropanın təhlükəsizliyi və sabitliyi üçün böyük bir bəlaya çevriləcək. Ona görə də ATƏT PA terrorizmlə mübarizədə bütün istiqamətlərdə qətiyyətli mövqe nümayiş etdirməlidir”- deyə, E. Həsənov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com

Ətraflı
Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb

Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb

Fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında dörd ədəd küknar ağacı kəsilib.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 757 3. 758 3. 759 3. 760 3. 761 3. 765