55 dövlət əmlakı hərraca çıxarıldı – RƏSMİ

55 dövlət əmlakı hərraca çıxarıldı – RƏSMİ

Fevralın 27-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni hərrac keçiriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, ümumilikdə hərraca 55 dövlət əmlakı çıxarılıb.

Bunlardan 23-ü səhmdar cəmiyyəti, beşi kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi iki sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə üç bank günü qalanadək verilməlidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektin dördü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Şirvan, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Şirvan Mexanizasiya Sahəsi, Zaqatalada yerləşən 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsi kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.   

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən altısı paytaxtda, səkkizi Sumqayıtda, qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 kv.m ilə 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var.

Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifdir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Xəzərdə itkin düşmüş iranlı dənizçi axtarılır

Xəzərdə itkin düşmüş iranlı dənizçi axtarılır

Dünən axşam saatlarında İran İslam Respublikasının Port və Dəniz Administrasiyasından Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində olarkən bir nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.

Bu barədə ÇıxışYolu.Com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Məlumat aidiyyəti dövlət qurumlarına ötürülüb.

Fevralın 26-da, səhər saatlarından Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​

www.ÇıxışYolu.Com

Ətraflı
Nazir: Ağacları kəsənlər elə sıravi vətəndaşlardır

Nazir: Ağacları kəsənlər elə sıravi vətəndaşlardır

Son iki ildə qanunsuz ağac kəsimləri ilə bağlı şikayətlər kifayət qədər azalıb.

ÇıxışYolu.Com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, təbiəti qorumaq tək hüquq-mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır:

“Ağacları kəsib, onu maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır. Yaşıllıq olan ərazilərdə biznesmenlər, iş adamları daha diqqətli olmalı, düşünməli və belə ərazilərdə iş görməməlidirlər. 

Nazirlik bu məsələ ilə bağlı polis orqanları ilə əməkdaşlıq edir. Qanunsuz ağac kəsimləri ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən tapılıb cəzalandırılır.

Əgər biz təbiəti seviriksə, onu qorumalıyıq. Qanunsuz ağac kəsimi ilə məşğul olanlar sıravi vətəndaşlardır. İnsanlar düşünmürlər ki, Azərbaycan və zərər vurduqları təbiət onlarındır”.

.
www.ÇıxışYolu.Com

Ətraflı
“Nar” və “Microsoft Imagine Cup”ın uğurlu startapı fəaliyyətə başladı

“Nar” və “Microsoft Imagine Cup”ın uğurlu startapı fəaliyyətə başladı

Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməyə davam edir.

ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müəllif Hüquqları Agentliyi, “Microsoft Azerbaijan” şirkəti, “Paşa Bank” və “Nar” tərəfindən ənənəvi olaraq dəstəklənən “Microsoft Imagine Cup” dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Milli mərhələ çərçivəsində komandalar layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edəcəklər. Sözügedən turun qalibləri “Imagine Cup 2018”-in ABŞ-da keçiriləcək finalında iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcəklər.

“Imagine Cup 2018” müsabiqəsinin Milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, öz layihələrini layiqincə təqdimetmə bacarığını qiymətləndirəcək, gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olacaqlar. Ərizələrin onlayn təqdim edilməsi mərhələsi 2018-ci il fevral ayının 26-dək davam edəcək ki, burada layihənin təsviri, prototipi və onun inkişafının yaxın perspektivləri öz əksini tapmalıdır.

Bu il əlavə olaraq daha 3 nominasiya üzrə seçim aparılacaq: “Mixed Reality”, “Artificial Intelligence”, “Big Data”.

Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.

“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.ÇıxışYolu.Com

Ətraflı
Xocalı soyqırımı necə baş verdi?

Xocalı soyqırımı necə baş verdi?

26 fevral 1992-ci ildə erməni quldurları tərəfindən Xocalı şəhərinin yeddi min nəfərlik əhalisinə qarşı soyqırım törədilib.

Xocalı soyqırımını törədənlər haqqında məlumatlar, şəhər sakinlərinin şahid ifadələri, həmçinin bu hadisənin digər vaxtlarda baş vermiş hadisələrlə qarşılıqlı əlaqəsi haqqında materialların toplandığı kiçik xronologiyanı oxuculara təqdim edirik:

Bu, necə oldu?..

Xocalıya hücum zamanı ermənilər bilərəkdən şəhərin şərq tərəfini açıq saxlayıb. Söhbət şəhərin Ağdam şəhərinə açılan hissəsindən gedir. Gecənin zülmətində yarıçılpaq, bayğın vəziyyətdə hərəkət edən, addımbaşı düşmənin atəşi ilə üzləşən xocalılılar intuitiv olaraq nisbi sakit görünən şərq istiqamətində qaçırdı.  

Xocalılılar fevralın mənfi 12 dərəcəli şaxtasında Qarqar çayını keçirdilər. Halbuki onların ifadələrinə görə, çayın qarşı sahilində erməni kəşfiyyat qrupu mövqe tuturdu və şəhərdən qaçan insanların istiqamətləri barədə öz qərargahlarına operativ məlumatlar ötürürdü.

Sözügedən “humanitar dəhliz”də xocalılılar azı üç erməni pusqusu ilə üzləşmişdi. Onların ilk qrupu Qarqarçayın qarşı sahilində güllələndi və əsir götürüldü. Ermənilər buz kimi soyuq sudan quruya çıxan xocalılıları pulemyot atəşinə tuturdu. Daha sonra Ağdama aparan yolda yerləşən Ağgədik (erməni) kəndində xocalılılar yenidən erməni pusqusuna düşdü.

Bu qrup böyük itki verdi və çoxları əsir düşdü. Mühasirədən sağ çıxanlar isə Naxçıvanlı kəndi istiqmətində qaçırdı. O kənd ki, Xocalıya hücumdan bir neçə saat əvvəl ermənilər onun guya Azərbaycan silahlı qüvvələri tərəfindən azad edildiyi barədə dezinformasiya yaymışdı.

Xocalılılar xilas olacaqlarını güman edərək, həmin istiqamətdə qaçırdılar. Onların xilas olmuş qrupu Əskəran şosesinə çatdıqda, artıq dan yeri sökülmüşdü və artıq gizlənə biləcəkləri meşəlik sahə yox idi. Havanın açılmasından sonra düzənlikdə olan sakinlər kənardan “ovucun içində olan kimi” aydın seçilirdilər.

Burada, Naxçıvanlının astanasında onları növbəti erməni pusqusu gözləyirdi. Həmin yerdə əsas qətliam törədildi, hücumdan sağ çıxmış sakinlərin əksəriyyəti öldürüldü. Ermənilər düzənlik ərazidə olan və asan hədəfə çevrilən qadınları, uşaqları, qocaları soyuqqanlı şəkildə güllələyirdi. 

Gülablı kəndi yaxınlığında, sonra isə Şelli kəndinin girişində pusqular vardı. Həmin pusqularda çox sayda insan qətlə yetirildi.

Sumqayıt hadisələri və Xocalı soyqırımı arasındakı tarixi əlaqə

Xocalı qırğınından sonra Ermənistanda belə bir söhbət yayılmışdı ki, Azərbaycan şəhərinə hücum etməklə ermənilər 1988-ci ilin Sumqayıt hadisələrini qeyd etməyə çalışır. Məhz buna görə 25 fevral tarixi seçilmişdi. Həmin gün ermənilər şəhəri 10-11 istiqamətdən davamlı şəkildə atəşə tutdu, atışma sıx raket zərbələri ilə müşayiət olunurdu.

ARAYIŞ: 1988-ci ilin məlum “Sumqayıt hadisələri” ermənilərin özləri tərəfindən Dağlıq Qarabağa olan ərazi iddialarını əsaslandırmaq məqsədilə planlaşdırılıb.

Belə bir sual yaranır: Ermənilər bu qanlı akt üçün Xocalını seçməklə hansı məqsədi güdüb?

Bir tərəfdən məqsəd Dağlıq Qarabağda ermənilərin planlarına əngəl törədən strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən silmək idi. Ona görə ki, Xocalı Azərbaycanın qədim dövrlərdən müasir zamana kimi tarixi-mədəni irsini təmsil edən yaşayış məntəqələrindən idi. Bu xüsusi mədəniyyət  tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb.

Xocalı kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, o cümlədən müxtəlif tarixi əşyaları insan cəmiyyətinin inkişaf dinamikasini özündə əks etdirir. İşğaldan sonra bütün bu maddi-tarixi abidələrin məhv edilməsi, həmçinin ağır texnikanın köməyi ilə dünyanın ən qədim məzarlıqlarında sayılan Xocalı qəbiristanlığının dağıdılması təkcə erməni vandallığının baris nümunəsi deyil, eyni zamanda, ümumdünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalının Əntiqə adlı sakini “bu torpaqlar böyük Ermənistana aiddir” ifadəsini işlətməkdən imtina etdiyi üçün diri-diri yandırılıb. Xocalının digər sakini Səriyyə Talıbova erməni qəbri üzərində dörd məhsəti türkü və üç azərbaycanlının başının kəsildiyini, daha iki azərbaycanlının gözlərinin çıxarıldığını dilə gətirib.

“Bu gün Azərbaycan Xocalı faciəsi hadisələrinin araşdırılması üzrə beynəlxalq tribunalın yaradılması istiqamətində ciddi addımlar atır. Xocalı soyqırımını törətməkdə günahkar olanların cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaq çün bu proses Beynəlxaq Haaqa tribunalı səviyyəsində qaldırılmalıdır. 

Bu cinayətkarlar arasında Ermənistanın indiki prezidenti Serj Sarkisyan, keçmiş prezidenti Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan və digər yüksək vəzifəli erməni məmurlar yer alır”, – deyə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirir.

Onun sözlərinə görə, Xocalının azərbaycanlı əhalisinə qarşı törədilən soyqırıma erməni dəstələri tərəfindən törədilmiş böyük cinayət olaraq baxmaq lazımdır. Bu cinayətlərə vahid şəkildə baxsaq, baş verən faciənin böyük şəklini hazırlamaq, Qarabağ müharibəsi hadisələrinin səbəbləri və nəticələrində daha geniş prizmadan nəzər salmaq olar. 

Üstəlik, belə qiymətləndirmə Azərbaycan ərazisində kütləvi etnik təmizləmələr və insanlığa qarşı cinayətlər törətmək üzrə dünya erməniliyinin metodlarını daha təfsilatlı şəkildə təhlil etməyə imkan verir.

Xatırlatmaq istərdik ki, erməni biləşmələrinin Xocalıda törətdiyi vəhşiliklər nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin – qocalar, qadınlar, uşaqlar əsir düşərək işgəncələrə və təhqirlərə məruz qalıb.

www.ÇıxışYolu.Com

Ətraflı
“Hər qapını açan” pasportların siyahısı açıqlandı

“Hər qapını açan” pasportların siyahısı açıqlandı

2018-ci il üzrə “The Pasaport Index”i  açıqlanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, indeks ölkələrin vətəndaşlarına verdikləri pasportların imkanları əsasında  hazırlanır.

Belə ki, pasportların dəyərini vizasız səyahət, xaricdə yaşam şərtlərinin asanlaşması kimi imkanlar əks etdirir. 

Hesabata görə, Cənubi Koreya və Sinqapur 162 balla birinci, Almaniya və Yaponiya 161 balla ikinci yerdədir. 

Üçüncü sırada altı ölkə var:  İsveç, Finlandiya, Danimarka, İtaliya, Fransa və İspaniya. Dördüncü yerdə 159 balla yeddi ölkə qərarlaşıb: Avstriya, İngiltərə, Portuqaliya, Belçika, Hollandiya, Norveç və Lüksemburq.

Beşinci sırada 157 balla İsveçrə, İrlandiya, ABŞ, Kanada yer alır. Yunanıstan və Malayziya isə 157 balla altıncı yerdədir.

Malta, Avstraliya və Çexiya yeddinci (156 bal), Yeni Zelandiya səkkizinci (155 xal) yerdədir
Doqquzuncu sırada 154 balla iki ölkə – Macarıstan və İslandiya gəlir. 

Qeyd edək ki, reytinqdə Ukrayna 124 balla 31-ci, Rusiya 111 balla 39-cu sırada, Türkiyə 110 balla 40-cı sırada, Gürcüstan 107 balla 43-cü sırada, Qazaxıstan 72 balla 59-cu sırada, Azərbaycan 65 balla 65-ci sırada qərarlaşıb.

Bildirək ki, Azərbaycanla eyni sıranı Çin və Dominikan Respublikası paylaşıb.  

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
İstanbulda Xocalı soyqırımı abidəsinin açılışı olub – FOTO

İstanbulda Xocalı soyqırımı abidəsinin açılışı olub – FOTO

Fevralın 25-də İstanbul şəhərinin Bağcılar rayonu ərazisində böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkının və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin açılışı olub.

ÇıxışYolu.Com AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, İstanbul valisi Vasip Şahin, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal, Bağcılar rayon bələdiyyəsinin sədri Lokman Çağrıcı və digər rəsmi şəxslər, o cümlədən, diplomatlar və deputatlar, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Sonra ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışında “Böyük Ermənistan” xülyasının ayrı-ayrı istiqamətləri barədə geniş məlumat verən Əli Həsənov qeyd edib ki, Xocalı soyqırımı zaman-zaman öz məqsədlərinə çatmaq üçün ermənilərdən xalqlarımıza qarşı istifadə edən böyük güclərin maraqlarının daha bir göstəricisi, XX əsrin ən ağır bəşəri faciələrindən biridir. İstanbulun bu dilbər güşəsində Azərbaycan adına gözəl bir parkın salınması və bu abidənin ucaldılması xalqlarımızın tarixi bağlılığı ilə mövcud olan Azərbaycan və Türkiyə qardaşlığına bariz nümunədir.

Bu parkın salınması və Xocalı abidəsinin ucaldılması acılarımıza göstərilən ehtiram, eləcə də, sülh çağırışıdır. Saxta “erməni soyqırımı” mövzusu ilə illərdən bəri Türkiyəyə qarşı ədalətsiz mövqe nümayiş etdirən tərəflər yaxşı olar ki, Xocalı soyqırımına ədalətli mövqe sərgiləsinlər. 

Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirən Əli Həsənov qeyd edib ki, məhz bu doğma münasibətin nəticəsi olaraq tərəflər təmənnasız şəkildə bir-birinin maraqlarını müdafiə edirlər.

Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasının zəruriliyini vurğulayan prezidentin köməkçisi Əli Həsənov Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin tədqirəlayiq olduğunu qeyd edib.

O bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası sayəsində bu sahədə böyük nəticələr əldə olunub.

Azərbaycan Dostluq Parkı və buradakı abidəyə görə Türkiyə hökumətinə dərin minnətdarlığını ifadə edən Əli Həsənov diqqətə çatdırıb ki, ucaldılan Xocalı soyqırımı abidəsi sülhə, dostluq və firavanlığa xidmət edir.

“Əminəm ki, bu abidə millətlər, xalqlar və sivilizasiyalar üçün mühüm əhəmiyyət daşıyan dostluq və qardaşlıq simvoluna çevriləcək. Təcavüzkar Ermənistan dövlətinin antiinsani vəhşiliyindən fərqli olaraq Azərbaycan və Türkiyənin heç kimin torpağında gözü yoxdur. Biz insanların dostluq və qardaşlıq şəraitində yaşamasını təmin edirik. Biz xalqlarımızın təhlükəsizliyi üçün tədbirlər görürük.

Biz nəhəng layihələr sayəsində böyük bir coğrafiyada iqtisadi inkişafı gerçəkləşdiririk. Təcavüzkar Ermənistan və erməni millətçi dairələri isə bütün dövrlərdə olduğu kimi, indi də havadarlarına arxayın olaraq bölgəyə münaqişə və müharibə, fəlakət və qarşıdurma gətiriblər. Biz azərbaycanlılar isə sülh, dialoq və firavanlıq ovqatı aşılayırıq. Ermənilər vəhşi hərəkətləri ilə, qan tökməklə, ailələri məhv etməklə, bizim xalq isə humanist fəaliyyəti ilə fərqlənir”, – deyə Əli Həsənov qeyd edib.

Böyük şair və dramaturq Hüseyn Cavidin bütün bəşəriyyət üçün örnək olan sülh çağırışlarından misraları xatırladan Prezidentin köməkçisi bildirib ki, ermənilər qan tökməyə, biz isə qan izi silməyə, sülh yaratmağa, birlikdə dostluq şəraitində yaşamağa çağırış edir və buna çalışırıq.

Çıxışının sonunda “Bağcılar” sözünün kökü barədə fikir və mülahizələrini bölüşən Əli Həsənov artıq həyat gerçəkliyinə qovuşan bu ideyanın müəlliflərinə, onun həyata keçirilməsində zəhməti olan hər kəsə, xüsusilə yerli sakinlərə dərin təşəkkürünü ifadə edib.

O əminliklə qeyd edib ki, Bağcılar rayonunda həyata keçirilən bu əzəmətli layihə iki qardaş ölkə və xalq arasındakı tarixi bağların daha da möhkəmlənməsinə töhfə verəcək.

Xocalı soyqırımının Türkiyədə böyük bir üzüntü, ümumxalq hüzn, yaddaşlardan silinməyən faciə kimi qəbul edildiyini diqqətə çatdıran İstanbul valisi Vasip Şahin deyib ki, bu dərd bundan sonra da unudulmayan acı kimi insanlarımızın qəlbində yaşayacaq.

“Qarabağ acısını ən azı öz dərdimiz kimi yaşayırıq. Bu problemin həllində hər zaman Azərbaycanın yanındayıq. Hər zaman olduğu kimi, indi də, gələcəkdə də bizim üçün Can Azərbaycan var!”, – deyə vali qeyd edib. O vurğulayıb ki, Azərbaycan və Türkiyənin qardaşlığı xalqlarımızın çox qədimdən hökm etdiyi və əbədiyyətə qədər yaşayacaq bir sifarişdir.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadələrini xatırladan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Mövlud Uysal deyib ki, iki qardaş ölkəni eyni tarix, eyni din, eyni mədəniyyət birləşdirir.

Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin qardaşlığımızı tərənnüm edən şeirlərindən kiçik misralar söyləyən Mövlud Uysal qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.

Açılışı keçirilən Azərbaycan Dostluq Parkı və burada ucaldılmış Xocalı soyqırımı abidəsinin ideya olaraq ortaya çıxması barədə məlumat verən Bağcılar Rayon Bələdiyyəsinin sədri Lokman Çağrıcı bildirib ki, Azərbaycanın İstanbuldakı baş konsulu tərəfindən irəli sürülən bu təklif böyük məmnuniyyətlə qəbul edilib.

O qeyd edib ki, Xocalı soyqırımı Türkiyənin də dərdidir. Bu soyqırımına ədalət tələb etmək də, yaddaşlardan silinməməsi üçün tədbirlər görmək də mənəvi borcumuzdur.

Xocalı sakini Səbinə Məhərrəmova 7 yaşı olarkən erməni cəlladlarının vəhşiliyinin şahidi olduğunu qeyd edərək bildirib ki, soyqırımı gecəsi özü və bir qardaşından başqa ailəsinin bütün üzvləri məhv edilib. Soyqırımının dəhşətlərini bir an da olsa unuda bilmədiyini söyləyən Səbinə Məhərrəmovanın kövrək sözləri iştirakçıları duyğulandırıb.

Çıxışlarda saxta “erməni soyqırımı” iddiasının ortaya çıxmasının siyasi səbəbləri, bu əsassız məsələnin Türkiyəyə qarşı təzyiq vasitəsi olması, Çanaqqala zəfəri, 1905-1907, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, 1918-ci ildə Qafqaz İslam Ordusunun rəşadəti sayəsində Bakının qurtuluşu, 1948-1953-cü illərdə Ermənistan ərazisindən soydaşlarımıza qarşı həyata keçirilən deportasiya, o cümlədən sovet hakimiyyətinin süqutu illərində ermənilərin Dağlıq Qarabağa qarşı ortaya atdıqları ərazi iddiaları əsasında təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri, həmçinin aqressiv tərəfin BMT və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması, terrorçu Ermənistanın böyük bir coğrafiyada sülhə və əmin-amanlığa qarşı təhlükə mənbəyinə çevrilməsi, eləcə də Suriya ərazisindən Türkiyəyə yaradılan böyük təhlükələrin qarşısının alınmasının vacibliyi barədə fikirlər səslənib.

Vurğulanıb ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə etməyə, o cümlədən Türkiyə də istər ölkə daxilində, istərsə də öz dövlət sərhədi boyunca terror risklərini aradan qaldırmağa, bütün təhlükəsizlik tədbirlərini həyata keçirməyə haqqı var.

Rəsmi hissədən sonra Azərbaycan Dostluq Parkı və Xocalı soyqırımı abidəsinin rəmzi açılışını bildirən lent kəsilib.

Sonra iştirakçılar parkda ağac əkiblər.

www.ÇıxışYolu.Com

Ətraflı
Akşənər: Xocalı faciəsini unutmayacağıq

Akşənər: Xocalı faciəsini unutmayacağıq

26 fevral 1992-ci il gecəsinin ilk saatlarında Azərbaycanın Xocalı şəhərində 106-sı qadın, 83-ü uşaq olmaqla, 613 qardaşımız vəhşiçəsinə qətlə yetirildi.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Türkiyənin keçmiş daxili işlər naziri və sabiq vitse-spiker, “İYİ PARTİ”nin lideri Meral Akşənər Xocalı soyqırımın 26-cı ildönümü ilə bağlı Azərbaycan xalqına verdiyi başsağlığında qeyd edib.

“Bu gözü dönmüş vəhşiliyi və geridə qalan acıları unutmadıq, unutmayacağıq. Rəbbim qardaşlarımızın məkanlarını cənnət etsin!”, – deyə Akşənər qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
Mərkəzi Bank bu gün depozit hərracı keçirir

Mərkəzi Bank bu gün depozit hərracı keçirir

Bu gün Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

ÇıxışYolu.Com xəbər verir ki, depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Hərracın müddəti 14 gün, faiz dərəcələri 8,01-12,99% təşkil edir.

Qeyd edək ki, ilin əvvəlindən Mərkəzi Bank 250 milyon manat həcmində depozit hərracı keçirib. Bank hərracın məbləğini 50 milyon manat azaldıb.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
TRT Xocalı həqiqətlərini dünyaya yaydı – VİDEO

TRT Xocalı həqiqətlərini dünyaya yaydı – VİDEO

Türkiyə teleradioşirkətinin (TRT) beynəlxalq bölməsi olan TRT World Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırıma həsr olunmuş videoçarx hazırlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, Qarabağ münaqişəsinin tarixi haqqında danışan telekanal erməniləron Xocalıda törətdikləri vəhşiliklər, dinc sakinlərin, qadınların və uşaqların qətliamına diqqəti çəkib.

Bundan başqa, kadrlarda qeyd olunur ki, Xocalıdakı erməni quldur dəstələrindən birinin başçısı Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan olub.

Qeyd edək ki, Xocalıda törədilmiş soyqırım aktı nəticəsində qocalar, uşaqlar, hamilə qadınlar daxil olmaqla, 613 nəfər erməni quldurlarının təcavüzünə məruz qalıb və öldürülüb.

Xocalının 150 sakini itkin düşüb, daha 1275 nəfər əsir götürülərək, müxtəlif işgəncələrə məruz qalıb.

Ətraflı
1 3. 861 3. 862 3. 863 3. 864 3. 865 3. 871