Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu
ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri
tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı
ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğulan uşaq sayı azalaraq
11,5-dən 9,7-yə düşüb.
Məlumdur ki, təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu proses
gedir. Doğulan uşaqlar azalır, yaşlıların sayı çoxalır. Maraqlıdır, bu proses
dünyanı hansı istiqamətə aparır? Doğulan körpə sayının azalması həqiqətən
narahatedici faktordur, yoxsa buna təbii proses kimi yanaşmalıyıq?
“Kaspi”
qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Ölkə əhalisi əsrin sonuna qədər azalacaq
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri
şöbəsinin müdir müavini Günel Nağdaliyeva də təsdiqləyib ki, son illər bir çox
ölkələrdə doğuş nisbəti və ya bir qadının dünyaya gətirdiyi orta uşaq sayı
aşağı düşür:
Mütəxəssislərin fikrincə, doğum nisbətində azalma tendensiyası davam edərsə,
demək olar ki, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər:
“Bu dəyişiklik müasir dövrdə qadınların təhsilə və iş həyatına üz tutması,
habelə ailə planlaması ilə bağlı məlumatların daha əlçatan olması ilə də
səciyyələndirilir. Bununla yanaşı, dünyanı bürüyən müxtəlif yoluxucu
xəstəliklər nəticəsində ölüm hallarının artması, boşanma sayında müşahidə
olunan çoxalmalar, nikahların isə əvvəlki illərlə müqayisədə azalması təbii
artımın qarşısını alan başlıca faktorlardandır”.
Ölkəmizdə ən yüksək doğum göstəricisi
Qurum rəsmisi qeyd edib ki, ölkəmizdə ən yüksək doğum göstəricisi 1990-cı ildə
qeydə alınıb:
“Belə ki, həmin ildə diri doğulan körpələrin sayı 182 989 nəfər olub. 2022-ci
ilə dair statistik göstəricilərə baxdıqda, 2021-ci illə müqayisədə müəyyən
artım müşahidə edilir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə
isə 122 846 nəfər körpə doğulub”.
Dünyada proses necə gedir?
ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ölkələrin
dörddə üçündə 2050-ci ilə qədər əhalinin sayı azalacaq. Həmçinin Ümumdünya
Səhiyyə Təşkilatının üzvləri “The Lancet”də dərc olunmuş müstəqil şərhlərində
doğulan uşaq sayının azalmasının müsbət və mənfi cəhətlərini araşdırıblar.
Mütəxəssislər deyirlər ki, doğulan uşaq sayının azalması əhalinin artması,
ətraf mühit, ərzaq təhlükəsizliyi, sağlamlıq, iqlim dəyişikliyi və
biomüxtəliflik baxımından fayda gətirə bilər, lakin səhiyyə, pensiya, sosial
təminat, işçi qüvvəsi və geosiyasətə mənfi təsir göstərəcək.
Nə üçün insanlar uşaq dünyaya gətirməkdən çəkinirlər?
Dünyanı silkələyən bu vəziyyətin səbəblərinə gəldikdə isə iqtisadi vəziyyət,
xəstəliklər, uşaq yetişdirmənin tələb etdiyi xərclər, doğuş planlamasının
əlçatan olması və qadınların maariflənməsi göstərilir.
Bu vəziyyətdən narahat olmayan, əhalinin sayının azalmasını ətraf mühit üçün
müsbət hal kimi qiymətləndirənlər də az deyil. Çünki düşünürlər ki, dünya
əhalisi azaldıqda, əhali karbon emissiyalarını azaldacaq və meşə sahələri daha
az məhv olacaq. Lakin təbii olaraq, əhalinin strukturunun dəyişməsi və
yaşlıların sayının artmasının mənfi təsirləri daha çoxdur. Tədqiqatlar əhalinin
strukturu ilə bağlı təəccüblü proqnozları ortaya qoyur.
401 milyon uşaq, 866 milyon yaşlı
Beş yaşa qədər dünya əhalisi 2017-ci ildəki 681 milyondan 2100-cü ildə 401
milyona, 80 yaşdan yuxarı dünya əhalisi 2017-ci ildəki 141 milyondan 2100-cü
ildə 866 milyona yüksələcək. Tədqiqatçılar 2100-cü ilə qədər ölkələrin 97
faizində ümumi doğuş nisbətinin aşağı düşəcəyini proqnozlaşdırırlar. Məsələn,
2021-ci ildə bir qadına düşən doğuş nisbəti 2,23 olduğu halda, 2050-ci ildə bu
rəqəmin 1,68-ə, 2100-cü ildə isə 1,57-yə düşəcəyi deyilir.
“Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər”
Azərbaycandakı əhalinin doğum səviyyəsi ilə bağlı açıqlanan statistika da onu
göstərir ki, Avropa ölkələrindəki təklik, yalnızlıq hissi bizə də sirayət edir.
Psixoloq Nizami Orucov da təsdiqləyib ki, son vaxtlar ailə dəyərlərini
yeniləri əvəzləyir:
“İnsan sosial varlıqdır, onun təkliyə çəkilməyinin sonu əksər vaxtlarda yaxşı
nəticələnmir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı
artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. Bu, hedonizm
fəlsəfəsidir. Hedonizm insanın öz hərəkətlərini ona həzz verəcək bir şəkildə
planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış
şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır”.
Psixoloq bildirib ki, bu gün gənclərin ailə qurmamasının və övlad sahibi
olmamasının da kökündə hedonist düşüncə dayanır:
“Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata
zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə
rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən
qorxmasıdır. Bizə gələn məktublardan bu görünür ki, əməlli-başlı ailə qurmağa
qorxurlar. Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya
real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma,
uğursuz seçim, yaxud da “evlənsəm bədbəxt olaram” qorxusu onları bu qərardan
uzaqlaşdırır. Müasir həyatın informasiya bolluğu bizim həddindən artıq tərəddüd
keçirməyimizə səbəb olur”.
Yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər?
Mütəxəssislər 21-ci əsrdə dünyanın sarsıdıcı sosial dəyişikliklərlə
rastlaşacağını vurğulayıblar. Maraqlıdır, yaşlıların çoxluq təşkil etdiyi dünya
necə ola bilər? Professorlar aşağıdakı suallar qarşısında narahatdırlar: Yaşlı
əhalinin çoxluq təşkil etdiyi ölkələrdə vergini kim ödəyəcək? Yaşlılara qayğı
və sağlamlıq xidmətləri necə maliyyələşdiriləcək? Onların baxımını kim həyata
keçirəcək? Bu baş versə, insanlar təqaüd ala biləcəklərmi? Bu sualların dəqiq
cavabını zaman verəcək.