12b8b0d1-6b4e-4318-8401-9363f636d863..jpg

Cavanşir Paşazadə: “Bəzi hotellərdə əxlaqsızlıqlara yol verilir, gənc qızlar dəvət olunurlar”

Baxış sayı: 1. 024 dəfə baxılıb.

Cavanşir Paşazadə: “Bəzi hotellərdə əxlaqsızlıqlara yol verilir, gənc qızlar
dəvət olunurlar”

Paytaxt ərazisində yaşayış binalarının zirzəmisində, yaxud birinci
mərtəbəsində fəaliyyət göstərən gecə klubları, hotellər, müxtəlif iaşə
obyektləri ilə bağlı narazılıqlar hər zaman olduğu kimi, bu gün də davam edir.
Bu cür iaşə obyektləri yerləşən binaların yuxarı mərtəbələrində yaşayan
sakinlər həmin obyektlərdəki səs-küy, kəskin qoxu, gecə saatlarına qədər davam
edən musiqi səsindən narahatlıq keçirirlər.

Bakının Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən 46d nömrəli binanın
sakinlərinin vəziyyəti isə daha acınacaqlıdır. Belə ki, bu binada yaşayan
sakinlərin sözlərinə görə, birinci mərtəbədə fəaliyyət göstərən “Nord-West”
hoteli əxlaqsızlıq yuvasına çevrilib. Gecə saatlarına qədər hotelin həyətində
davam edən səs-küy, nalayiq ifadələr, siqaret qoxusu sakinlərin dinc yaşayışına
imkan vermir. Onlar bildirirlər ki, məsələ ilə bağlı rəsmi qurumlara dəfələrlə
müraciət etsələr də, heç bir tədbir görülmür.

Mövzu ilə bağlı Pravda.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı
Cavanşir Paşazadə bildirib ki, dünyanın bir çox ölkələrində yaşayış binalarının
aşağı mərtəbələri iaşə obyekti kimi fəaliyyət göstərir.

“Bura müalicə mərkəzləri, kiçik hotellər də daxildir. Azərbaycanda da
turistlərin gecələməsi üçün fəaliyyət göstərən hotellər var. Qanunauyğun
şəkildə, lisenziyalı fəaliyyət göstərən iaşə obyektlərinin olması normaldır.
Əlbəttə, bu məsələdə milli mentalitetimiz, yerli sakinlərin rahatlığı da nəzərə
alınmalıdır. Bəzi hotellərdə qeyri-qanuni hallara, əxlaqsızlığa yol verilir,
gənc qızlar dəvət olunurlar. Sakinlərin gözü qarşısında bu cür halların
yaşanması yolverilməzdir. Bu, ətrafdakı gənclərin gələcəyinə də mənfi təsir
göstərə bilər.

İstərdim ki, aidiyyəti strukturlar lisenziya verərkən həmin obyekt
sahiblərinin hansı işlə məşğul olmaları, obyektin yerləşdiyi ərazi və bu kimi
məsələlərə həssas yanaşsınlar, diqqət etsinlər. Qanunamüvafiq qaydada iaşə
obyektləri tez-tez yoxlanılmalı, lazımi tədbirlər həyata keçirilməlidir.
Paytaxtda bəzi böyük məhəllələrdə yerləşən 18-20 mərtəbəli binaların aşağı
mərtəbəsində kababxana açılır. Bu cür restoranlara xeyli sayda insan gəlir.
Ətrafa qoxu yayılır. Bunun gecəsi-gündüzü var. Axı bu binalar yaşayış üçündür,
orada körpə, yaşlı, xəstə insanlar yaşayırlar. Həmin obyektlərin gecə
saatlarına qədər işləməsi sakinlər üçün narahatlıq yaradır. Bu, insanların
şəxsi mülkündə istədikləri kimi yaşamalarına maneədir. Bir nəfərin qazancı, bir
ailənin dolanışığı naminə xeyli ailə əziyyət çəkir. Təbii ki, hər şey yerində
olmalıdır. Qanunlarımıza, mentalitetimizə uyğun fəaliyyət göstərilməlidir”, –
deputat bildirib.

Source link