036150cf-cb35-494e-be0b-8edcfe93cf64..jpg

Cavanşir Quliyev: “Ölüm xəbərimə çox əyləndim” – FOTO

Baxış sayı: 749 dəfə baxılıb.

Cavanşir Quliyev: “Ölüm xəbərimə çox əyləndim” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda həkimlərin göstərişi və məsləhəti ilə evdə müalicə olunuram. Həkimdən
soruşdum ki, əməliyyatdan sonra necə yaşamalıyam? Dedi ki, yavaş yaşa! Həyatda
yavaş yaşayan insanlar da var, yavaş yaşamayanlar da. Mənim yadıma düşəndə
yavaş yaşayıram. Həkimin tövsiyəsi tez-tez yadımdan çıxır. Hələ ki, sənətlə,
musiqi ilə məşğul ola bilmərəm”.

Bunu Moderator.az-a açıqlamasında bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir
Quliyev deyib.

“Çox ağır üç əməliyyat keçirdim. Beynimə 4 yerdən qan sızmışdı. Şükür
yaxşıyam, əl-ayağım işləyir. O da vaxtında müdaxilənin nəticəsidir. Bir çox
xəstələrə vaxtında müdaxilə edilmədikdə ya şikəst qalırlar, ya da ölürlər. Mənə
də müdaxilə vaxtında oldu. Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevaya
təşəkkür borcum var. Bu dəstək vaxtında gəldi. Ölüm xəbərlərimə çox güldüm,
əyləndim. Yazıçı Mark Tven yadıma düşdü. Onun bir gün ölüm xəbəri yayılır. Bu
xəbəri yayan redaksiyaya zəng edərək bildirir ki, ölüm xəbərimi bir az
şişirtmisiniz (gülür). Mənim də ölüm xəbərimi bir az şişirtmişdilər. İnanmıram
ki, bunu kimsə mənə qarşı pis niyyətlə etsin. Jurnalistlərlə heç vaxt problemim
olmayıb. Bu sadəcə texniki yanlışlıq olub. Reytinq xatirinə hadisələri
qabaqlamaq istəyiblər. O da bu dəfə tutmadı. Çox adam deyir ki, Allah səni
istəyir. Mən burada tək yaşayıram. Ailəm Türkiyədədir. Yaxşı ki, bu hadisə baş
verəndə ailəmin yanında idim. Bakıda tək olsaydım, mənə heç kim kömək edə
bilməzdi. Səhər saat 6-da huşumu itirib, yerə yıxıldım. Məni təcili
xəstəxanaya, oradan da əməliyyat masasına apardılar” , – deyə bəstəkar bildirib.

Cavanşir Quliyev musiqimizin bugünkü vəziyyətindən də danışıb.

“Cəmiyyətin vəziyyəti necədirsə, onun musiqisi də elədir. Çünki onlar
bir-birinə sıx bağlıdır. Məsələn, toya gedən müğənnidən ev yiyəsi, toy əhli nə
istəyirsə, o da onu oxuyur. Çünki pul verirlər. Və yaxud müğənni toy yiyəsinin
bəyənmədiyi mahnını bir dəfə oxuyandan sonra daha oxumur. Bu minvalla
cəmiyyətdə bu musiqi formalaşır. Sabah konsertə gedəndə də təxminən o cür
musiqi istəyirlər. Televiziyada da elə musiqi görmək istəyirlər. Niyə?
Televiziyalarda reytinqləri ölçürlər. O reytinqə görə televiziya kanalları bir
nəticəyə gəlir. O mahnılar reytinq, reytinq isə pul gətirir. Ona görə də
vəziyyətimiz belədir. Soruşsanız ki, yaxşıdır, yoxsa pis? Deyərəm ki, yaxşı
deyil. Mən də bu gün bəzi məsələlərlə razı deyiləm. Deyəndə ki, razı deyiləm,
deyirlər ki, razı deyilsənsə, düzəlt.

Vallah mən də, həmkarlarım da nəsə etməyə çalışırlar, amma bizim sayımız
azdır, ona görə də səsimiz az eşidilir. Bəzən olur ki, parlaq bir artist çıxır
səhnəyə, bir çox şeyi dəyişir. Aygün Kazımova elə etdi. Onu tənqid etsələr də,
baxırdılar. Sabah başqa biri çıxa bilər ortaya, o da nələrisə dəyişə bilər”, –
deyə bəstəkar bildirib.

Cavanşir Quliyev sosial verilişlərdən də danışıb.

“Televiziya kanalları bizim təkliflərimizə razılıq vermir. Çünki təklif
etdiyim layihələrdə reytinq görmürlər. Zəmanə belə zəmanədir. Sovet vaxtında
televiziya kanalı bir dənə idi. O vaxt reytinq söhbəti yox idi. Müxtəlif
redaksiyalar var idi. Orada savadlı insanlar işləyirdi. O zaman hər verilişdə
bilik, informasiya var idi. Tamaşaçılar müəyyən şeyləri öyrənirdilər. İndi
azadlıqdır, kanallar da çoxdur. Musiqi ilə, sosial verilişlərlə bağlı
sərbəstlikdir. Hər ölkədə sosial verilişlər var. Bu verilişlər bizə xaricdən
gəlib. Onlara baxırsan ki, xeyli mədənidirlər. Amma çox maraqlıdır ki, biz hər
bir gözəl şeyi eybəcərləşdirə bilirik. Bizim verilişlərə baxırsan, elə bilirsən
ki, kənddəki bazarda qadınlar savaşır. Birini evləndirirlər, birini boşayırlar.
Bu adam boşanıb, artist deyil, sənət adamı deyil ki, həyatını işıqlandırıb, şou
yaradasan. Danışıq mədəniyyəti aşağı səviyyədədir. Görüntüsü bərbad! Efir
gözəlliyi, estetikliyi sevir. O vaxt verilişə neftçi belə dəvət edəndə
seçirdilər ki, yaraşıqlı, simpatik biri olsun. Mənə elə gəlir ki, sosial
verilişlər bağlanmalıdır”, – deyə sənətkar bildirib.

Qeyd edək ki, fevralın 12-si Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir
Quliyevin ölüm xəbəri yayılmışdı. Onun İstanbulda müalicə aldığı xəstəxanada
vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu üzə çıxdı.

Source link