0469e490-ac2c-4e15-ae6f-94a980165add..jpg

Cavid Hüseynov: “Yerli futbolçularla yaxşı mübarizə aparıla biləcəyini göstərdik” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 745 dəfə baxılıb.

Cavid Hüseynov: “Yerli futbolçularla yaxşı mübarizə aparıla biləcəyini
göstərdik” – MÜSAHİBƏ + FOTO

Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov peşəkar karyerasına
2005-ci ildə “Turan”da başlayıb.

Ölkədə “Neftçi”, “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Zirə” kimi klubların
formasını geyinən keçmiş yarımmüdafiəçi 2012/2013 mövsümündə Türkiyədə “Adana
Demirspor”un uğurları üçün çalışıb.

Hazırda “Şamaxı”da məşqçi kimi fəaliyyət göstərən 35 yaşlı mütəxəssis
komandanın Premyer Liqadakı çıxışı barədə “Report”a müsahibə verib.

– “Şamaxı”nın 21 turdan sonrakı nəticəsini necə dəyərləndirirsiniz?

– Bu müddət ərzindəki fəaliyyəti qənaətbəxş hesab etmək olar. Hərçənd, daha
yaxşı ola bilərdi. Amma əsas məqsədimiz inkişafdır. Gənc futbolçuların
oyundan-oyuna inkişafını görürük. Bu da bizi sevindirir.

– Mövsümə hansı hədəflə başlamışdınız. İndi hədəfiniz nədir?

– Yeni yığılmış, gənc və yerli oyunçulardan ibarət kollektivin hədəfi təbii
ki, avrokuboklar uğrunda mübarizə deyil. Əsas məqsədimiz öz strategiyamıza
uyğun futbolçuları inkişaf etdirmək və Premyer Liqada qalmaqdır. Hazırda da
hədəf dəyişməyib. İnkişaf edə-edə turnir cədvəlində daha üst pillələrə qalxmaq
istəyirik.

– Sırf yerlilərlə mübarizə aparmaq işinizi çətinləşdirir?

– Öz strategiyamıza uyğun olaraq yerlilərlə çıxış edirik. Göstərdik ki, yerli
oyunçularla da yaxşı mübarizə aparmaq olar. Düzdür, işimizin çoxluğu göz
önündədir, həm meydanda istədiyimiz oyunu görmək üçün, həm də futbolçuların
inkişafı üçün daha çox çalışmalıyıq.

– Növbəti mövsüm Premyer Liqada qalsanız, strategiya dəyişəcək?

– Bu barədə hələ ki, rəhbərliklə söhbətimiz olmayıb. Düzdür, ilkin danışıqlar
gerçəkləşib. Bu, birinci mərhələ idi. Mövsüm bitəndən sonra yekun söhbətimiz
olacaq.

– Şamaxıdakı hava ilə əlaqədar Bakıya gəlməyi planlaşdırırsınız. Bu, nə
vaxtadək davam edəcək və məşqlər hansı stadionda olacaq?

– Növbəti iki matçımızı Sumqayıt və Gəncədə keçirəcəyik. “Turan Tovuz”la
görüşdən əvvəl də Şamaxıda yağan qara görə meydançada cəmi bir məşq keçmişdik.
Həm bunu, həm də qarşılaşmalar arasında günlərin sayının azlığını nəzərə alaraq
hazırlığımız Bakıda davam edəcək. Məşqlər “Dalğa Arena”da keçiriləcək.

– Şamaxıdakı oyunların işıqlandırma sisteminə görə günorta saatlarına
salınması sizə çətinlik yaradırmı?

– Əlbəttə. Matçların günorta saatlarında və ya həftəiçi olması azarkeşlər
baxımından təsir edir. Çoxu işdə olduğu üçün gələ bilmir. Futbol baxımından da
saat 2-də oynamaq yaxşı hal deyil. Bu da oyunumuza təsir göstərir.

– Vüqar Əsgərli və sizin çempionatda ilk təcrübənizdir. Növbəti mövsüm daha
iddialı komanda formalaşdırmağı qarşınıza məqsəd qoymusunuz?

– Düşünürük ki, gələcəkdə daha uğurlu işlər görə və hansısa hədəflər uğrunda
mübarizə apara bilərik. Amma bu, həm də klubun strategiyası və maliyyə
şərtlərindən asılıdır. Ümid edirik ki, növbəti mövsüm daha iddialı kollektiv
formalaşdıracağıq.

– “Şamaxı”da rəsmən baş məşqçi postuna təyinat kimi planınız varmı?

– Hazırda B kateqoriyalı məşqçilik lisenziyasına sahibəm. Bu, indinin mövzusu
deyil.

– Premyer Liqanın XXI turunda evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzdunuz.
Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?

– Bu qarşılaşmanı götürsək, məğlubiyyətlə razılaşmıram. Matçın ədalətli
nəticəsi heç-heçə idi. Bizim də qol vurmaq üçün şanslarımız oldu. Rəqib
standart vəziyyətdən fərqlənərək qələbə qazandı. Amma bu görüş bizə təsir
etməməlidir. Qarşıda hələ çox oyunumuz var, fikirlərimizi həmin matçlara
yönəltməliyik.

– Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Səfərdə hansı nəticəyə ümid
edirsiniz?

– Qarşılaşmadan əvvəl nəticə haqqında danışmaq düzgün olmaz. Yaxşı oyun
göstərərək nəticə qazanmağa çalışacağıq. Bu iki maraqlı komandanın görüşü
olacaq. Azarkeşlər sürətli matça şahidlik edəcəklər.

Source link