Türkiyə ABŞ-ın mümkün sanksiyalarına cavab verməyə hazırdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu bəyanatı Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Almaniyanın “Zeit” qəzetinə verdiyi müsahibədə səsləndirib.
“Onlar Türkiyəni sanksiyalarla cəzalandırmaq fikrinə düşsələr, Rusiya və digər ölkələr belə vəziyyətdə necə reaksiya göstərirsə, Türkiyədə də elə reaksiya göstərəcək. Biz sanksiyalara qarşılıqlı cavab verəcəyik. Onlar bizə hədə-qorxu gəlməməlidirlər. ABŞ “bu və ya digər ölkələrdən qaz almayın” deməklə çoxlarını hədələyir. Belə davam edə bilməz” deyə Çavuşoğlu bildirib.
Bundan əvvəl NATOnun Avropadakı qüvvələrinin baş komandanı amerikalı general Körtis Skaparrotti, ABŞ-ın Türkiyənin yaxın zamanda Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərindən imtina edəcəyinə ümidvar olduğunu bildirmişdi.
Generalın sözlərinə görə, əks təqdirdə bu rəsmi Ankara üçün pis nəticələnə bilər.
Ötən ilin dekabr ayında Ankarada Rusiya və Türkiyə hökumət nümayəndələri arasında S-400 zenit-raket komplekslərinin təchizatı ilə bağlı kredit sazişi bağlanıb.
Türkiyə tərəfinin məlumatına görə, Ankara sözügedən kompleksin 2 batareyasını əldə edəcək. Batareyalarda türkiyəli şəxsi heyət xidmət göstərəcək.
Tərəflər eyni zamanda zenit-raket komplekslərinin Türkiyə ərazində istehsalının inkişaf etdirilməsi ilə bağlı texnoloji əməkdaşlıq haqqında razılığa gəlib. NATO və ABŞ qəti şəkildə bu sazişin əleyhinə çıxıb.