Xəbər verdiyimiz kimi Türkiyənin məşhur komediya ustası Cem Yılmaz “stand-up” şousunu təqdim etmək üçün Bakıya gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, iki gün paytaxtımızın qonağı olan Cem yerli məşhurlarla görüşüb. O, həm mətbuat konfransında həm də “stand-up” şousu zamanı Xalq artisti Miri Yusifə sataşıb. Sosial media əhli isə Yılmazın bu zarafatını birmənalı qarşılamayıb.
Söz-söhbətlərin üstündən xətti isə Miri Yusiflə Cem Yılmazın səmimi görüşü çəkib. Xalq artisti şəxsi “İnstagram” hesabında xanımı və aktyorla şəklini yayımlayaraq “Düzdür, bu gün tanış olduq, amma zarafatınız ötən gündən var. Super konsert, super sənətkar” deyə şərh yazıb.
Diqqət çəkən məqam isə uzun zamandır ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova və Miri Yusiflə aktyorun birgə fotosu olub. Həmin şəkli isə Cem sosial media hesabında paylaşıb.
Daha sonra Cem Yılmaz tanınmış aktyor Fərda Xudaverdiyevlə restoranların birində görüşərək, o ki var rəqs edib. Həmin anları isə Fərda lentə alıb və sosial şəbəkə hesabında paylaşıb. Yılmazla birgə rəqsinə Fərda “Azərbaycan rəqsləri dərsimizin ilk günü” şərhini qeyd edib.
Cem Yılmazla bağlı ulduzlarımız tərəfindən paylaşılan foto və video isə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Rəşad Əliyev