Futbol klubları bundan sonra UEFA Çempionlar Liqasında və Avropa Liqasında əlavə vaxtda dördüncü əvəzetmə edə biləcəklər.
ÇıxışYolu.Com xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Şurası (IFAB) UEFA himayəsi altında olan turnirlər üçün əvəzedici saylara dair yeni qaydalar qəbul edib.
Bu dəyişiklik 2018/2019-cu il mövsümündən qüvvəyə minəcək. Çempionlar Liqası, Avropa Liqası, UEFA Superkuboku, qadınların Çempionlar Liqası, AVRO-2020, UEFA Regionlar kuboku, qadınların AVRO-2021-ində DÇ-2018-də olduğu kimi əsas vaxtda maksimum üç, əlavə vaxt (ekstra taym) oynanılan görüşlərdə isə dörd dəyişiklik olacaq.
Bu qayda Millətlər Liqasının final mərhələsi, qadınların DÇ-2019-un seçmə mərhələsinin ilk iki pley-off raundu, U-21-lərin AVRO-2019-nun pley-off, yarımfinal, final və Olimpiadaya vəsiqə üçün oyunları, oğlan və qızlardan ibarət U-19-ların AVRO-2018-dəki yarımfinal və final matçlarında tətbiq ediləcək.
Həmçinin komandaların protokola daxil etdiyi oyunçuların sayı da dəyişdirilib. Artıq Superkubok, U-21-lərin Avropa çempionatının final mərhələsi, Millətlər Liqası, AVRO-2020, qadınların AVRO-2021-nin final mərhələsi zamanı komandalar protokola 18 oyunçu yox, “23-lük” daxil edəcək.
Regionlar kuboku, oğlan və qızlardan ibarət U-19, U-17-lərin Avropa çempionatlarında bu rəqəm 20 nəfərdən ibarət olacaq.
Çempionlar Liqası, Avropa Liqası, qadınların Çempionlar Liqası, Gənclər Liqası, qadınların DÇ-2019-a təsnifat oyunları, qadınların AVRO-2021-i və U-21-lərin AVRO-2019-nun seçmə və pley-off mərhələləri, Regionlar Liqasının seçmə oyunlarında komandaların heyəti “18-lik”dən ibarət olacaq. Amma bir istisna var ki, Çempionlar Liqası və Avropa Liqasının finalında “23-lüy”ə icazə veriləcək.
Ehtiyat oyunçular skamyasında əyləşənlər digərlərinin sağlamlığına ziyan vurmayan və taktiki baxımdan rolu olması əsaslandırılan cihazlardan istifadə edə bilər. Bunlar kiçikhəcmli telefonlar, smartfonlar, smartsaatlar, planşet, netbukdur. Əgər komanda rəsmiləri icazə verilməyən cihazdan yararlansa, texniki zonadan kənarlaşdırılacaq.
Qeyd edək ki, bu ilin mayında IFAB mundial üçün dördüncü əvəzetmə tətbiqini təsdiqləyib. Daha əvvəl bu təcrübə İngiltərə və Almaniya kubok oyunlarında sınaqdan keçirilib. Ötənilki Konfederasiyalar Kubokunun yarımfinalında baş tutan Portuqaliya – Çili matçının 116-cı dəqiqəsində Andre Qomeş Jelson Martinsin əvəzinə dördüncü əvəzetmə kimi meydana daxil olub.
Dünya çempionatları tarixində isə Rusiya yığması ilk dəfə bu təcrübədən yararlanıb. DÇ-2018-in 1/8 finalında İspaniya ilə matçda baş məşqçi Stanislav Çerçesov 97-ci dəqiqədə Daler Kuzyayevin əvəzinə Aleksandr Yeroxini dördüncü əvəzetmə kimi meydana buraxıb.