d3140627-8a3f-4beb-be31-b1ff3015ad7c..jpg

Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb – FOTO

Baxış sayı: 591 dəfə baxılıb.

Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Skopye şəhərində ATƏT
Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi
Helqa Şmid ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas
istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və
beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi
bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu
prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən
ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad
olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin
ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina
təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin
səyləri diqqətə çatdırılıb.

Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən
silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr
ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri barədə qarşı
tərəf məlumatlandırılıb.

Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə
mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni
sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin
Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü
vurğulanıb.

Bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn
əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın
tətbiqinin qəbuledilməzliyi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə
olunub.

Source link