f3ad5bff-8bed-4fcc-865e-4184f4eb7c2c..jpg

Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 639 dəfə baxılıb.

Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb
Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri
Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq
gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi,
investisiyalar, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə mövcud
əməkdaşlıq gündəliyinin inkişafının məmnunluq doğurduğu qeyd olunub.
Münasibətlərin gələcək inkişaf perspektivlərinin müzakirəsi, habelə mövcud
müqavilə-hüquq bazasının genişləndirilməsi baxımından siyasi məsləhətləşmələr
mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam
Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və s. çərçivəsində
Azərbaycan və BƏƏ arasında qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan
tərəfdaşlığın mövcudluğundan bəhs edilib, BƏƏ tərəfindən ölkəmizin ərazi
bütövlüyü və suverenliyinə göstərilən daimi dəstəyə görə minnətdarlıq ifadə
edilib.

Enerji təhlükəsizliyi, xüsusilə bərpaolunan enerji istehsalı sahəsində iki
ölkənin qarşılıqlı faydalı birgə fəaliyyəti, o cümlədən cari ilin 26 oktyabr
tarixində Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasiminin
keçirilməsinin bu istiqamətdə BƏƏ-nin “Masdar” şirkəti ilə reallaşdırılması
nəzərdə tutulan layihələr üçün uğurlu başlanğıc olacağına dair inam ifadə
edilib.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş
ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və
Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi
istiqamətində fəaliyyət barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.

BƏƏ tərəfi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri
çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün
investisiya imkanlarından yararlanmağa dəvət edilib.

Bölgədə sülh və reinteqrasiya prosesləri barədə qarşı tərəfi ətraflı
məlumatlandıran nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən həyata keçirilən
anti-terror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində
yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan
qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların
yarandığını bildirib.

Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi
üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı
olduğu vurğulanıb.

Nazir Abdullah bin Zayed Al Nəhyan, iki ölkə arasında qarşılıqlı səfərlərin
əməkdaşlığın inkişafında müstəsna rol oynadığını qeyd edərək, bu kimi
təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinə töhfə
verdiyini diqqətə çatdırıb.

BƏƏ-nin Azərbaycanla ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin
daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

23:26

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb
Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin
Zayed Nahyanla görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində
duran məsələləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Source link