Ceyhun Bayramov Belarusun xarici işlər naziri ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə
səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə
görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov və Sergey Aleynik arasında keçirilən təkbətək
görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş
tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq
münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə
planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət
müzakirə olunub.
Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30
ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd
təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və
s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını
məmnunluqla qeyd ediblər. Xüsusilə, iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsində yaxın günlərdə növbəti iclasının keçiriləcəyi iqtisadi
əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rol oynadığı
diqqətə çatdırılıb.
İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun
inkişafında müstəsna rolundan bəhs edən Ceyhun Bayramov Belarus Prezidentinin
ölkəmizə dövlət səfərinin, habelə səfər çərçivəsində müxtəlif sahələr üzrə
sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib.
Mövcud strateji tərəfdaşlıq xarakterli ikitərəfli münasibətlərin regional və
beynəlxalq çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT və MDB çərçivəsində
uğurla davam etdirildiyi bildirilib.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və
reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və
quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı
məlumatlandırılıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) sədrliyimiz, bu çərçivədə aparılan danışıqlar prosesi
və görülən təşkilati tədbirlərdən bəhs edən Ceyhun Bayramov sədrliyimiz
müddətində tərəfdaşlarımızın dəstək və aktiv iştirakçılığına əhəmiyyət
verdiyimizi diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.