Ceyhun Bayramov BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi ilə
görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində
ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE)
icraçı katibi Tatyana Molçan ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və UNECE arasında əməkdaşlıq gündəliyi və
əməkdaşlıq perspektivləri, eləcə SPECA daxil olmaqla, ölkəmizin Orta Asiya ilə
əlaqələri və bu çərçivədə UNECE-nin mümkün rolu müzakirə olunub.
Nazir Ceyhun Bayramov UNECE-nin əhatə dairəsinə daxil olan ətraf mühit,
enerji, şəhər planlanması və s. istiqamətlərdə birgə səylərin artırılmasının
vacib olduğunu vurğulayıb. SPECA-nın əsasının qoyulmasından etibarən ölkəmizin
bu platforma çərçivəsində fəaliyyətə aktiv şəkildə töhfə verdiyini, bu
istiqamətdə, xüsusilə Mərkəzi Asiya ölkələri ilə üçtərəfli əməkdaşlıq
formatlarının mövcudluğunun birgə uğurlu layihələrin həyata keçirilməsinə daha
böyük təkan verdiyini diqqətə çatdırıb.
SPECA ölkələri ilə müxtəlif o cümlədən, iqtisadi, ticarət, enerji
təhlükəsizliyi, alternativ enerji mənbələri, nəqliyyat, kommunikasiyalar, ətraf
mühit, innovasiyalar, dayanıqlı inkişaf məqsədləri və s. sahələr üzrə faydalı
əməkdaşlıq gündəliyinin mövcudluğu məmnunluqla qeyd olunub. Xüsusilə regional
nəqliyyat və kommunikasiya xətlərinin inkişafı, o cümlədən Orta Dəhlizin
imkanlarının genişləndirilməsi sahəsində mövcud təşəbbüslər və layihələrin
əhəmiyyəti vurğulanıb.
2023-cü ildə SPECA-ya sədrliyimiz dövründə bu platforma çərçivəsində
əməkdaşlığın gücləndirilməsi, habelə SPECA ölkələrinin ikitərəfli, regional və
beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində Azərbaycanın
səylərindən bəhs edən nazir Ceyhun Bayramov, Bakıda keçirilən SPECA həftəsi
çərçivəsində baş tutacaq SPECA Sammitinin bu səylərin vacib nəticələrindən biri
olduğunu qeyd edib.
İcraçı katib Tatyana Molçan, Azərbaycanın SPECA-ya sədrliyi dövründə onun
müasir dövrün çağırışlarına uyğun platformaya çevrilməsi istiqamətində
göstərdiyi səylərin təqdirəlayiq olduğunu qeyd edib. Bu istiqamətdə, növbəti
gün Bakı şəhərində keçiriləcək SPECA Sammitinin regional və beynəlxalq
çağırışların fonunda Proqram çərçivəsində əməkdaşlığın gücləndirilməsində
əhəmiyyətli rol oynayacağına dair ümidvarlıq ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.