0b149e2a-7ea2-4489-95d2-f9d05e2b1770..jpg

Ceyhun Bayramov BMT rəsmisi ilə COP29-a hazırlıq işlərini müzakirə edib

Baxış sayı: 667 dəfə baxılıb.

Ceyhun Bayramov BMT rəsmisi ilə COP29-a hazırlıq işlərini müzakirə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati
məsələlər müzakirə edilib.

C.Bayramov ölkəmiz tərəfindən, xüsusilə son dövrlərdə ətraf mühitin
mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə əməli addımların
atıldığını, ötən il keçirilən COP28 Sammitində Azərbaycanın bir sıra qlobal
öhdəliklərə qoşulduğunu diqqətə çatdırıb.

Azərbaycan tərəfindən COP29-un məzmun, o cümlədən təşkilatçılıq baxımından
yüksək səviyyədə keçirilərək, COP29 irsinin iqlim dəyişikliyi ilə mübarizə
sahəsində beynəlxalq səylərə töhfə olacağına dair inam ifadə olunub.

İcraçı katib Saymon Stil Azərbaycan tərəfindən COP29-a ev sahibliyi
çərçivəsində aparılan hazırlıq işlərinin yüksək peşəkarlıqla davam
etdirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. COP29-un təşkili ilə bağlı
ölkəmizə uğurlar arzu edən icraçı katib, bu istiqamətdə görülən işlərə Katiblik
tərəfindən yaxından töhfə veriləcəyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Source link