Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya
və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və
İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokertinin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və
regional əməkdaşlıq, habelə beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Böyük Britaniya ilə çoxşaxəli
münasibətlərinə önəm verdiyini vurğulayaraq, iki ölkə arasında siyasi,
iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə mövcud tərəfdaşlığın
daha da gücləndirilməsi imkanlarına toxunub və siyasi dialoqun
intensivləşdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi
baxımından önəmli olduğunu bildirib.
Bununla yanaşı, tərəflər iki ölkə arasında nəqliyyat, təhsil və bərpa olunan
enerji sahələrində əməkdaşlıq, habelə Böyük Britaniya şirkətlərinin işğaldan
azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətindəki mümkün
fəaliyyəti barədə fikir mübadiləsi aparıb.
Nazir həmçinin həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad
olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu
fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Cənubi Qafqaz
regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan
praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə
məlumatlandırıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər
mövzular ətrafında fikir mübadiləsi aparılıb.