d5cc1249-26bd-410a-aabe-3d114beee37a..jpg

Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri ilə görüşüb – FOTO

Baxış sayı: 597 dəfə baxılıb.

Ceyhun Bayramov Macarıstan Milli Assambleyasının sədri ilə görüşüb – FOTO

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədri
Laslo Köver ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüşdə iki ölkə arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyində duran
aktual məsələlər, parlamentlərarası əlaqələr, o cümlədən regionda mövcud
vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Macarıstan arasında müxtəlif, o cümlədən
siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar, təhsil, mədəniyyət və s.
sahələr üzrə inkişaf edən əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu qeyd
edib.

Ölkələrimiz arasında son illərdə daha da intensivləşən yüksək səviyyəli
səfərlərin münasibətlərin inkişafına daha da təkan verdiyi vurğulanıb. 4
sentyabr tarixində xarici işlər nazirləri arasında keçirilmiş
Azərbaycan-Macarıstan Strateji Dialoqunun gələcək əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsi və praktiki implementasiyası üçün faydalı olduğu qeyd
edilib.

İkitərəfli münasibətlərin inkişaf dinamikasının davamı olaraq, bir sıra
beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində
qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. Əlaqələrin
inkişafında mühüm əhəmiyyət kəsb edən parlament diplomatiyasının, o cümlədən
parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivliyinin daha da
artırılmasının vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın müddətdə
ərazilərimizin işğalının fəsadları, 2020-ci ildən sonra post-münaqişə dövründə
bölgədə mövcud vəziyyət və yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan
arasında normallaşma və sülh prosesi barədə qarşı tərəfi ətraflı
məlumatlandırıb.

Sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycanın normallaşma prosesinin
irəlilədilməsi istiqamətində göstərdiyi səylərə baxmayaraq, Ermənistanın
ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını
davam etdirməsinin, Azərbaycan ərazilərində mövcud olan silahlı qüvvələrini
hələ də tam olaraq ölkəmizin ərazilərindən çıxarılmamasının bölgədə dayanıqlı
sülhün bərqərar olmasına maneə törətdiyi, əsas təhdid mənbəyi olduğu diqqətə
çatdırılıb. Bununla yanaşı, bölgəmizdə davam edən genişmiqyaslı mina təhdidi
diqqətə çatdırılıb.

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin cəmiyyətimizə
reinteqrasiya prosesinin tərkib hissəsi kimi onların tələbatlarının ödənməsi
üçün “Ağdam-Xankəndi” yolunun açılmasının və buna paralel olaraq Laçın yolundan
istifadənin intensivləşməsi təklifinin rədd olunduğu qeyd edilib. Azərbaycan
tərəfinin bu təkliflərinin rədd olunmasının, Laçın yolu ətrafında hazırkı
vəziyyətin heç də Ermənistanın iddia etdiyi kimi humanitar deyil, əksinə siyasi
xarakter daşıdığını göstərdiyi bildirilib.

Milli Assambleyasının sədri Laslo Köver, Azərbaycan və Macarıstan arasında
strateji xarakter daşıyan əlaqələrin inkişafında ali və yüksək səviyyəli
təmasların, Parlament sədrləri ilə yanaşı, Parlament dostluq və ekspert
qrupları arasında sıx əməkdaşlığın rolunun vacibliyini qeyd edib.
Münasibətlərin daha da inkişaf etdirilməsi üçün perspektivlərin mövcudluğu, bu
istiqamətlərdə imkanlardan istifadənin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Source link