Ceyhun Bayramov Misirin Azərbaycanda yeni səfiri ilə görüşüb – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının
Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirlyi məlumat yayıb.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid etimadnaməsinin surətini nazirə təqdim
edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona
fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanda diplomatik fəaliyyəti müddətində
ölkələrimiz arasında mövcud olan dost münasibətlərin inkişafına öz töhfəsini
vermək üçün səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edən nazir Ceyhun
Bayramov, Azərbaycan tərəfinin də bu əməkdaşlığa öz töhfəsini verməyə hazır
olduğunu deyib.
Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Hişam Mohamed
Nağı Abdel Həmid Azərbaycan ilə Misir arasında bir sıra sahələrdə, o cümlədən
iqtisadiyyat, turizm və s. əməkdaşlığın uğurla həyata keçirildiyini söyləyib.
O, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini
əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan və Misir arasında tarixi və ənənəvi dostluq əlaqələrinin
inkişafı, iqtisadiyyat, elm-təhsil, enerji, turizm, hava nəqliyyatı və digər
sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi
aparılıb.
İki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq
Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlığı məmnunluqla
vurğulanıb və bu əməkdaşlığın gələcəkdə genişləndirilməsinin vacibliyi qeyd
edilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə sonrası
vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda, Azərbaycan tərəfindən
atılan addımlar, habelə azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə
və yenidən quruculuq işləri ilə bağlı məlumat verib. Nazir, həmçinin bölgənin
gələcək sülh və əmin-amanlıq çərçivəsində inkişafı ilə bağlı Azərbaycanın
baxışlarını həmsöhbəti ilə bölüşüb.
Səfir Hişam Mohamed Nağı Abdel Həmidi Misirin Azərbaycanın ərazi bütövlüyünü
hər zaman dəstəklədiyini xatırladaraq, Azərbaycana həyata keçirdiyi bərpa və
quruculuq işlərində uğurlar arzu edib və bu xüsusda, səfir azad edilmiş
ərazilərdə həyata keçirilən quruculuq layihələrinə Misir şirkətlərinin maraq
göstərdiyini bildirib.
Görüş zamanı səfir Hişam Mohamed Nağı Abdel Həmidi iki ölkə arasında
diplomatik əlaqələrin qurulmasının 30 illiyi münadibətilə Misir rəhbərliyi
adından təbrik məktublarını nazir Ceyhun Bayramova təqdim edib.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam
etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub.