Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Parlamentlərarası İttifaq arasında mövcud
əməkdaşlığın inkişaf perspektivləri, habelə regiondakı cari vəziyyət müzakirə
edilib.
Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fikir
mübadiləsi və təmasların qurulmasına töhfə verməsi baxımından Parlamentlərarası
İttifaqın mühüm mandata sahib olmasını qeyd edərək, ölkəmizin də İttifaqın
fəaliyyətində aktiv iştirak etdiyini bildirib. Parlamentlərarası İttifaq ilə
ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə əsası qoyulmuş QH
Parlament Şəbəkəsi arasında əməkdaşlığın geniş perspektivlərinin olduğu, bu
istiqamətdə İttifaqın cari ilin mart ayında Cenevrədə keçiriləcək 148-ci
Assambleyasının əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olacağı
qeyd edilib.
Ölkəmizin 2024-cü ildə BMT sisteminin ən irimiqyaslı tədbiri olan BMT-nin
İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edən Ceyhun Bayramov, bu
istiqamətdə görülən hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib,
Parlamentlərarası İttifaqın tədbirdə yaxından iştirak edəcəyinə ümidvarlıq
ifadə olunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin işğaldan azad olunmuş
ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə sülh
təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov ötən
il Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra BMT və bir
sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin 30 ildən sonra ilk dəfə
bölgəyə səfərinin təşkil olunduğunu bildirib. Ölkəmizin sərgilədiyi bu mövqeyə
baxmayaraq, işğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra
beynəlxalq təşkilatların hazırkı normallaşma gündəliyinə xələl gətirdiyi qeyd
olunub. Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə qarşı atılan
son addımın da bu qəbildən olan ikili standartların növbəti nümayişi kimi
qiymətləndirdiyimiz diqqətə çatdırılıb.
Martin Çunqonq ölkəmizə növbəti səfərindən məmnunluq ifadə edərək,
Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlığın daha da inkişafında
maraqlı olduğunu bildirib. Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın
uğurlu sədrliyinə inamını qeyd edən baş katib, sözügedən tədbirin
təşkilatçılığı ilə bağlı öncəki sədrliklərlə yaxın təmasların qurulmasının
Azərbaycanın görülən işlərə münasibətdə sistematik yanaşmanı nümayiş
etdirdiyini bildirib.