Ceyhun Bayramov Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Min ilə görüşüb
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkisinin müşahidəsi ilə bağlı ölkəmizdə
səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə
görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə
növbədənkənar Prezident seçkisi ilə bağlı məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının
Təşkilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı
dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi
regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə
Təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib.
Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə
əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət,
energetika, investisiyalar, humanitar, turizm və s. sahələr üzrə mövcud
əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub.
Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin
Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq
imkanlarının olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident
seçkisinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə
keçirilməsinin, habelə işğaldan azad olunmuş torpaqlarımızda aparılan
yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın
ilk dəfə öz doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından
əhəmiyyətli olduğunu vurğulayıb.
Qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən
vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər
Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
Baş katib Can Min növbədənkənar Prezident seçkisinin müşahidəsi ilə əlaqədar
dəvətə görə təşəkkür edərək seçkinin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş
katib seçkiyə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq
doğurduğunu vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.