XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfir Cahit Bağcını təyinatı münasibətilə təbrik edərək, Azərbaycan və Türkiyə arasında mövcud olan sıx dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.
Cahit Bagçının Azərbaycan üçün xüsusi bir dönəmdə səfir təyin olunduğunu qeyd edən nazir, Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalın son qoyulduğunu və ərazilərimizin azad olunduğunu vurğulayaraq, bu xüsusda Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyin Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu növbəti dəfə sübut etdiyini qeyd edib.
Münaqişə sonrası mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyəti üçün yeni dövrün başlandığı vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qondarma soyqırımı mövzusuna toxunaraq, bu hadisələrin “soyqırımı” kimi qələmə verilməsinin reallıqla əlaqəsinin olmadığını və bunun siyasi təzyiqin təzahürü olduğunu Türkiyə səfirinin diqqətinə çatdırıb.
Səfir Cahit Bağcı qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edərək, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səmimi salamlarını nazirin diqqətinə çatdırıb.
Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu qeyd edən səfir Cahit Bağçı, iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrinin bu xüsusda önəmli rolunu vurğulayıb. Səfir kimi fəaliyyəti dövründə ikitərəfli əlaqələrin səviyyəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, üç, dörd və çoxtərəfli formatlarda da əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Ceyhun Bayramov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində uğurlar arzulayıb.