f051d2c6-91d0-4538-acce-05b72844d472..jpg

Ceyhun Bayramov Xorvatiyada Ermənistanın Laçın yolu ətrafındakı təxribatından danışıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 568 dəfə baxılıb.

Ceyhun Bayramov Xorvatiyada Ermənistanın Laçın yolu ətrafındakı təxribatından
danışıb – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya
Respublikasına rəsmi səfəri çərçivəsində Xorvatiyanın İnkişaf və Beynəlxalq
Əlaqələr İnstitutunun (Institute for Development and International Relations
-IRMO) təşkil etdiyi “Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan
ilə Xorvatiya arasında əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa
müzakirələrində iştirak və çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Xorvatiyada fəaliyyət göstərən akademik dairələr və beyin mərkəzlərinin
nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində Azərbaycan
və Xorvatiya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri,
habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Müzakirələrdə çıxış edən nazir Ceyhun Bayramov, strateji tərəfdaşlıq xarakteri
daşıyan Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafında qarşılıqlı
təmasların, yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələr mexanizminin
müstəsna rol oynadığını bildirib. İki ölkə arasında ikitərəfli, o cümlədən
çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan
bəhs edən nazir, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək
və həmrəyliyin nümayiş olunmasının təqdirəlayiq olduğunu bildirib.

Azərbaycan və Xorvatiya arasında münasibətlərin müxtəlif sahələr, xüsusilə
iqtisadi, enerji təhlükəsizliyi, alternativ enerji, investisiyalar, nəqliyyat,
logistika, əczaçılıq, turizm və s. sahələr üzrə inkişafı üçün mövcud
potensialdan istifadə olunmasının vacibliyi qeyd olunub.

C.Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud
vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri,
habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə tədbir
iştirakçılarını ətraflı məlumatlandırıb.

Sülh gündəliyinin irəli aparılmasının qarşısında duran çağırışlar qismində
Ermənistanın prosesi ləngidən mövqeyi və təxribatları, ölkəmizin suverenliyi və
ərazi bütövlüyünə qarşı addımları, o cümlədən Azərbaycan ərazilərindən erməni
silahlı qüvvələrini hələ də tam olaraq çıxarmaması, Qarabağ bölgəsində
məskunlaşan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası fəaliyyətinə
müdaxilələr, mina təhdidinin davam etdirilməsi təxribatları vurğulanıb.

Nazir Ermənistan tərəfinin Laçın yolu ətrafında yaratdığı saxta propaqandanın
heç bir əsasının olmadığını, Azərbaycanın ərazisindən keçən yolların paralel
olaraq erməni sakinlərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsinə yüklərin
daşınması üçün istifadə edilməsinə şərait yaratdığı, buna baxmayaraq,
Ermənistanın və onun ərazimizdə yaratdığı qondarma rejimin nümayəndələri
tərəfindən prosesə maneçilik törətdiklərini diqqətə çatdırıb. Bölgədə “blokada”
və “çətin humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiyadan başqa
bir şey olmadığını bildirib. Bu çərçivədə, Ermənistanın müharibədən sonrakı iki
il yarım ərzində Laçın yolundan sui-istifadə hallarını xatırladıb.

30 ilə yaxın münaqişədən sonra bölgədə sülhün bərqərar edilməsi üçün yaranan
tarixi imkanın itirilməməsi üçün beynəlxalq ictimaiyyətin bölgədəki vəziyyəti
düzgün qiymətləndirməsinin, habelə Ermənistanın təxribatlarına qarşı adekvat
mövqeyin formalaşdırılmasının hər zamankından daha əhəmiyyətli olduğu
bildirilib.

Daha sonra müzakirələr sual-cavab sessiyası ilə davam edib.

17:32

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xorvatiyaya rəsmi səfərə yola
düşüb.

Xarici İşlər Nazirliyindən (XİN) verilən xəbərə görə, səfər çərçivəsində
Ceyhun Bayramovun Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman
və Xorvatiyanın digər yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşləri nəzərdə
tutulur.

Səfər zamanı, həmçinin, Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik
problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə
həsr olunmuş dəyirmi masa müzakirələrində iştirakı və çıxışı gözlənilir.

Source link