b19c4887-9d00-423b-943e-8c72fe291da6..jpg

“Ceyhun Mirzəyev özü onlara deyirdi ki, məni elə döyün, vurun ki, film təbii alınsın” – FOTO

Baxış sayı: 872 dəfə baxılıb.

“Ceyhun Mirzəyev özü onlara deyirdi ki, məni elə döyün, vurun ki, film təbii
alınsın” – FOTO

“Ceyhun Mirzəyevlə çox gözəl xatirələrim var. Çünki ikimiz də dost idik,
küsüb-barışırdıq, bacı-qardaş münasibətində idik. O da çəkilişlərə anası ilə
gəlirdi, mən də. Çox istedadlı uşaq idi. Hamıya kömək edirdi, filmdə göstərirdi
ki, elə yox, belə çəkil. Sonradan rejissor olanda mən bildim ki, o, uşaq
yaşlarından özünü buna hazırlayıb. Hər zaman yadımdadır, bir an olsun belə
yadımdan çıxmır. Ona görə təəssüflənirəm ki, həyatı belə gətirdi, yarımçıq
qaldı. Böyüyəndən sonra da ailəvi dost qaldıq. Hətta “Ögey ana” filminin ardını
çəkmək istəyirdi. Elə oldu ki, müharibə vaxtı idi, “Fəryad” filmini çəkdi.
Ceyhunun atası Şuşadan idi. Hətta çəkdiyi filmə baxıb, ağlayırdı. Dözmürdü,
ürəyi partlayırdı. Ceyhunun həyat yoldaşı Lida xanım sonralar mənə danışırdı
ki, o, aktyorlara özü deyib ki, filmdə məni elə döyün, vurun ki, təbii alınsın.
Hətta deyirdi ki, mənə silah versəydilər, gedib oralarda döyüşərdim”.

Bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi – Sevinc
Axundova deyib.

“Hər dəfə filmə baxanda kədərlənirəm, uşaqlığım yadıma düşür. Bəzən düşünürəm
ki, filmin bu yerində kaş belə hərəkət edərdim. Bizim bütün filmlərimiz çox
gözəl, təbii çəkilib. Bəzən yolda məni görüb tanıyırlar. Yaxınlaşıb deyirlər
ki, elə bil “Ögey ana” filmi mənim həyatımdan götürülüb. Texnika çox güclü
olmayıb. Aktyorlarla işləyirdilər. Uşaq idim, heç nə anlamırdım. Çəkilirdim,
amma bilmirdim ki, nəçi olacağam?! Bizim nəsildən musiqiçilər çox idi.
İncəsənəti çox sevirdim, aktyorların şəklini yığırdım. Sonra peşmanlıq çəkdim
ki, kaş aktrisa olardım. Amma musiqiçi oldum, pianodan uşaqlara dərs deyirəm.
Kiçik qızım rəqs sənətindədir, hər zaman səhnələrdə olub. Rejissorluğu bitirsə
də, rəqs müəlliməsi çalışır”, – deyə o bildirib.

Sevinc Axundova bildirib ki, daha sonralar da filmə çəkilməsi üçün təkliflər
gəlib.

“Onun böyük ürəyi” filmində kiçik bir epizodda çəkildim. Lalə rolunun
uşaqlığını oynadım, böyük vaxtını isə Natəvan Şeyxova yaradıb. O vaxtı “Əhməd
haradadır?” filmindəki Ceyran roluna məni də çağırmışdılar. Məni Nəcibə
Məlikova rejissora təklif etmişdi. Mən bu rola yaraşmırdım, çünki çox gənc
idim. 19 yaşım heç yox idi. Bu film “Ögey ana” filmindən sonra çəkilmişdi.
Nonna Paçuaşvili bu rolu çox gözəl ifa edib. Hətta Eldar Quliyev məni “Bir
cənub şəhərində” filminə təsdiq etmişdi. Konservatoriyaya hazırlaşırdım deyə
çəkilə bilmədim. Tofiq Tağızadə məni “Arşın mal alan” filminə də dəvət etmişdi.
O, atamın yaxın dostu idi, ona deyirdi ki, “Sevinc böyüyəndə gedib kino təhsili
alsın”, – deyə sənətçi bildirib.

Sevinc Axundova “Ögey ana” filminin çəkildiyi İsmayıllının Qalacıq kəndinə də
getmək istəyir.

“Filmdən sonra bir dəfə getmək nəsibim olub. Arzulayıram ki, gedim həmin kəndi
gəzim. Hətta deyirdilər ki, ev indiyə qədər olduğu kimi qalıb. İndi poçt
məntəqəsidir. Qismət olsa, mütləq getmək istəyirəm”, deyə Sevinc Axundova
bildirib.

Sevinc Axundova şəxsi həyatından da danışıb.

“Həyat yoldaşım 1998-ci ildə, 50 yaşında qəflətən dünyasını dəyişdi. Bağda
rəhmətə getmişdi. Sağlam adam idi, heç bir yeri ağrımırdı. Ola bilsin ki,
sobanın dəm qazından boğulmuşdu. İki qız övladımı təkbaşına böyüdüb, onlara
təhsil verdim. Böyük qızımın 18, kiçiyinin isə 14 yaşı var idi. Heç vaxt ondan
sonra ailə həyatı qurmağı düşünmədim. Yoldaşımı çox sevirdim, ondan sonra ailə
həyatı istəsəydim də qura bilməzdim. Hətta qohumlar deyirdi ki, burada bir şey
yoxdur, sənə də ailə lazımdır. Qızlarımı qayğı ilə, ehtiyacsız böyütdüm”, –
deyə sənətçi bildirib.

Source link