Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən
Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işinin
məhkəmə baxış iclası olub.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə sərbəst
ifadə üçün söz verilsə də, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq
edərək məhkəmədə sərbəst ifadə verməkdən imtina edib.
Buna görə də hakim onun istintaqa verdiyi ifadəsini proses iştirakçılarının
diqqətinə çatdırıb.
Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan
qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin “Revolver”
markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət
əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək
könüllü təslim olub.
İstintaq zamanı o da məlum olub ki, cinayətin törədilməsində Pərviz
Xudaverdiyevin əmisi oğlu Seymur Xudaverdiyevin də iştirak etməsinə əsaslı
şübhələr yarandığından o da məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan
tədbiri seçilib.
Araşdırmalarla hadisənin qohumlar arasında ailədaxili mübahisələr zəminində
törədildiyi bildirilib.
Xatırladaq ki, bu hadisədən bir müddət sonra qətlə yetirilən Cavanşir
Abdullayevin oğlu Ruhulla Abdullazadə atasını öldürməkdə təqsirləndirilən
Pərviz Xudaverdiyevin qardaşı “Mərdəkanlı Amin” kimi tanınan, kriminal aləmdə
nüfuz sahibi olan Amin Xudaverdiyevi Mərdəkandakı çimərliklərdən birində
güllələyərək qətlə yetirib.
Elgün Həsənli