Çin şirkətləri azad olunan ərazilərdəki bərpa-quruculuq işlərində fəal
iştiraka dəvət olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi
Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin
müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının həmsədri Şahin Mustafayev, Çin tərəfinə isə ticarət nazirinin
müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci rəhbərlik edib.
Baş nazirin müavini Şahin Mustafayev qarşılıqlı dostluq və etimad
prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından
keçdiyini və möhkəm təməl üzərində qurulduğunu, dövlət başçılarıİlham Əliyev və
Si Cinpinin səyləri nəticəsində hazırda münasibətlərimizin dinamik və
hərtərəfli inkişaf dövrünü yaşadığını deyib. O, iki ölkə arasında
münasibətlərin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
100 illiyi ilə əlaqədar təntənəli tədbirin yüksək səviyyədə təşkilinə
göstərilən dəstəyə görə Çin Hökumətinə minnətdarlıq edib.
Ş.Mustafayev iki ölkənin ticari-iqtisadi istiqamət də daxil olmaqla müxtəlif
sahələrdə uğurla əməkdaşlıq etdiyini, qarşıda iqtisadi əməkdaşlığın keyfiyyətcə
yeni məzmun ilə zənginləşdirilməsi vəzifəsi durduğunu bildirib. O, ötən il
Azərbaycan-Çin ticarət əlaqələrinin həcminin əvvəlki illə müqayisədə 21 faiz
çoxaldığını, qarşılıqlı ticarətin cari ilin 9 ayı ərzində təxminən 50 faiz
artmasının müsbət dinamikanın göstəricisi olduğunu deyib.
Ş.Mustafayev Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət,
xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət
göstərdiyini vurğulayıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata
keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində Çin şirkətlərini fəal
iştiraka dəvət edib. O, Azərbaycandakı sənaye parklarına və iqtisadi zonalara
investisiya qoyuluşu üzrə qarşılıqlı fəaliyyət üçün yaxşı perspektivlərin
olduğunu bildirib.
Baş nazirin müavini nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlığın iki ölkə
arasında münasibətlərdə prioritet olduğunu diqqətə çatdırıb, Orta Dəhlizin ən
vacib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini
vurğulayıb.
Çinin ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci
Çin-Azərbaycan münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf
etdiyini bildirib, əməkdaşlığımızın inkişafında dövlət başçısının səylərini
vurğulayıb. Bu xüsusda Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan
Prezidenti İlham Əliyevin ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki
Zirvə toplantısı çərçivəsində görüşünün əhəmiyyəti qeyd edilib.
Nazir müavini ölkəsinin Azərbaycandan idxalın çoxalmasında maraqlı olduğunu
bildirib, birgə investisiya layihələri üzrə potensial əməkdaşlıqdan söz açıb,
“yaşıl enerji”, rəqəmsal texnologiyalar sahəsində iki ölkənin əməkdaşlığını
genişləndirmək üçün potensialın olduğunu deyib.
Lin Ci ölkəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyətində
iştirakını fəallaşdıracağını, bu dəhlizin yüksək rəqabətqabiliyyətli olması
üçün birlikdə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb. O, investisiya
layihələrinin işlənməsi üçün birgə qrup yaratmağı təklif edib.
İclasda hər iki tərəfdən dövlət qurumlarının rəsmiləri təmsil etdikləri
sahələr üzrə Azərbaycan-Çin əməkdaşlığının hazırkı vəziyyətinə, inkişaf
perspektivlərinə dair fikirlərini səsləndiriblər, əməkdaşlığın daha da
dərinləşməsinə dair təkliflər irəli sürüblər.
Sonda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının 9-cu iclasının protokolu imzalanıb.
Nümayəndə heyəti 6-cı Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın, habelə bir
neçə dost ölkənin stendləri ilə tanış olub.