Çin yuanı bahalaşır: Dünya iqtisadiyyatının yeni lideri olacaq? – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qlobal valyuta məzənnələrində ilk dəfədir ki, Çinin pul vahidi – yuan avronu
üstələyib. Belə ki, Çin yuanı dollardan sonra ən çox istifadə edilən ikinci
valyutaya çevrilib.
Yaranmış durum iqtisadçıların və analitiklərin diqqətini çəkərək, müzakirələrə
səbəb olub.
Maraqlıdır, dünya iqtisadiyyatında nə baş verir? Çinin aparıcı qlobal gücə
çevrilməsi haqqında proqnozlar artıq özünü doğruldur?
Bununla bağlı Cixisyolu.com-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, son
30 ildə Çinin iqtisadi artımını müşahidə etsək, təxminən 10 faizə çatdığını
görürük. Pandemiya dövründə isə bu göstərici 10 faizdən aşağı enmişdi.
Ekspertin fikrincə, postpandemiya dövründə də Çinin iqtisadi artımında
azalmalar nəzərə çarpıb:
“Bu, normal qəbul olunurdu. Kəmiyyət və keyfiyyət göstəricilərinə nəzər
yetirdikdə prinsip etibarı ilə intensiv, dinamik inkişafdan söhbət gedirdi.
Pandemiyadan öncəki iqtisadi artıma baxdıqda, ABŞ-də Donald Trampın rəhbərliyi
dövründə Çinin müəyyən təzyiqlərlə, sanksiyalarla üzləşdiyini görürük. Buna
baxmayaraq, D.Tramp Çinin valyutasının dəyər itirməsinə irad bildirirdi. Çünki
iqtisadi qanunlara əsasən, ixrac edən ölkənin valyutasının məzənnəsi
enməməlidir. Milli valyutanın məzənnəsi azalanda ixracat çoxalır, ona görə
Tramp hesab edirdi ki, Çin qəsdən məzənnəni aşağı salır.
İndiki durum müəyyən bir sövdələşmə də ola bilər. Çin başa düşdü ki,
məzənnənin qəsdən aşağı endirilməsi fəsadlara səbəb olacaq. Ayrı-ayrı ölkələrin
onlara təzyiqləri arta bilər və bu baxımdan, məzənnə artırsa, bu heç də o demək
deyil ki, Çində hər şey yaxşıdır. Görünür, Çin iqtisadi pul siyasəti yürüdür”.
Emin Qəribli qeyd edib ki, Çin uzun müddətdir qızıl alan ölkə idi, onu rezerv
kimi saxlayırdı:
“Ona görə belə bir fikir yayılmışdı ki, gələcəkdə Çin öz pulunu rezerv
valyutaya çevirməyi hədəfləyib. Çinin dövriyyəyə elektron yuan buraxmasına dair
danışıqlar aparılırdı. Elektron yuan ilk dəfə Olimpiya Oyunları zamanı istifadə
edilmişdi. Görünür, Çin təzyiqləri artırmaq istəmir, məzənnəni müəyyən dərəcədə
stabil saxlayaraq, inkişaf etmiş ölkələrin xoşuna gəlməsinə çalışır. Bundan
sonrakı addım öz valyutasının rezervə çevrilməsi ola bilər.
Müxtəlif iqtisadi nəzəriyyələri də proseslərin fonunda qeyd etmək olar. Hər
əsrin bir iqtisadi lideri olub. Amerika Birləşmiş Ştatları, ondan öncə
Britaniya idi, əvvəl Hollandiya (indiki Niderland) lider idi. İndi isə bəzi
iqtisadçılar hesab edirlər ki, 2040-cı ildən sonra Çin iqtisadiyyatı lider
iqtisadiyyata çevriləcək və proses artıq başlayır. İstənilən halda, bunu
qətiyyətlə söyləmək tezdir.
ABŞ və Avropa texnologiyanın inkişafında, yeni icadların dünya bazarına
çıxarılmasında, fundamental elmin tərəqqisində monopoliyanı saxlayır, bu
mövqeyi əldən vermək istəmirlər. Ona görə hesab edirəm ki, Çinin dünya
iqtisadiyyatında lider mövqeyindən danışmaq hələ tezdir”.
Aysel Aslan